"Qarabağ bu gün artıq həyatın yenidən doğulduğu, gələcəyin qurulduğu məkan kimi dünyaya mesaj verir. Azad edilmiş torpaqlarda bir-birinin ardınca həyata keçirilən irimiqyaslı layihələr göstərir ki, Azərbaycanın əsas məqsədi yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmək deyil, burada daha müasir, daha dayanıqlı və daha firavan yaşayış məkanları yaratmaqdır".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova deyib.
.jpg)
Elnarə Akimova sözlərinə belə davam edib: “Baş Qərvənd kəndində Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin birlikdə iştirak etdikləri tədbir də məhz bu böyük dönüşün rəmzinə çevrildi.
Uzun illər işğal altında qalan Baş Qərvənd 2020-ci ilin 20 noyabr tarixində azadlığına qovuşdu. Bir zamanlar viran qoyulmuş bu kənddə bu gün həyat yenidən canlanır. Burada tikilən yollar, çəkilən kommunikasiya xətləri, qurulan müasir infrastruktur və inşa edilən yaşayış evləri Qarabağın necə sürətlə dirçəldiyini nümayiş etdirir. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin bərpasını sadəcə tikinti layihəsi kimi deyil, tarixi ədalətin bərpası və insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsi kimi həyata keçirir.
Prezident İlham Əliyevin 2023-cü ildə təməlini qoyduğu Baş Qərvənd kəndi artıq "Böyük Qayıdış" proqramının uğurlu nümunələrindən birinə çevrilməkdədir. Kənddə inzibati binalar, tibb məntəqəsi, məktəb, uşaq bağçaları, geniş yol infrastrukturu, mühəndis-kommunikasiya şəbəkələri yaradılır. Xüsusilə alternativ enerji mənbələrinin tətbiqi göstərir ki, Qarabağ yalnız bərpa edilmir, eyni zamanda gələcəyin ekoloji və "ağıllı" yaşayış modelinə uyğun şəkildə qurulur.
Baş Qərvənddə baş tutan ən yaddaqalan hadisələrdən biri isə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbin təməlinin qoyulması oldu. Bu, adi məktəb binasının inşası deyil. Bu, gələcəyin təməlinin qoyulması, elmə, biliyə və insan kapitalına verilən dəyərin ifadəsidir. İşğal dövründə uşaqların səsi eşidilməyən torpaqlarda artıq yeni nəslin təhsil alacağı müasir məktəb yüksələcək. Fizika, kimya və biologiya laboratoriyaları, kompüter otaqları, kitabxana, idman və akt zalları ilə təchiz ediləcək bu təhsil ocağı gələcəyin savadlı və vətənpərvər gənclərinin yetişməsi üçün bütün imkanlara malik olacaq.
Məktəbin Slovakiya tərəfindən Azərbaycana hədiyyə edilməsi isə xüsusi siyasi və mənəvi məna daşıyır. Bu addım Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstəyin konkret təzahürü olmaqla yanaşı, iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın real nəticələrindən biridir. Dövlətlərarası münasibətlərin ən gözəl nümunəsi yalnız imzalanan sənədlər deyil, insanlara xidmət edən layihələrdir. Baş Qərvənd məktəbi də məhz belə layihələrdən biridir.
Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə birlikdə kənddə görülən işlərlə tanış olması, inşa edilən yaşayış evlərinə baxış keçirməsi və məktəbin təməlini birlikdə qoyması göstərir ki, Azərbaycan dost ölkələrlə əməkdaşlığı yalnız siyasi dialoq müstəvisində deyil, humanitar və sosial inkişaf layihələri vasitəsilə də daha da möhkəmləndirir. Bu, eyni zamanda beynəlxalq tərəfdaşların Qarabağın gələcəyinə inamının göstəricisidir.
Baş Qərvənddə həyata keçirilən layihənin miqyası da diqqətçəkəndir. Müxtəlif ölçülü bu evlər, yaradılan yaşıllıq zolaqları, idman meydançaları, istirahət və oyun sahələri insanların rahat və təhlükəsiz yaşayışını təmin edəcək müasir kənd modelini formalaşdırır.
Qarabağın bərpası artıq təkcə Azərbaycanın daxili inkişaf layihəsi deyil, həm də beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Dost ölkələrin bu prosesə verdiyi töhfələr Azərbaycanın apardığı quruculuq siyasətinə beynəlxalq dəstəyin ifadəsidir. Baş Qərvənddə ucalacaq məktəb gələcək nəsillərə yalnız elm öyrətməyəcək, eyni zamanda xalqlar arasında dostluğun, qarşılıqlı etimadın və əməkdaşlığın da canlı simvolu olacaq.
Bu gün Qarabağda təməli qoyulan hər bina, çəkilən hər yol, tikilən hər məktəb və salınan hər yaşayış məhəlləsi bir həqiqəti təsdiqləyir: Azərbaycan azad etdiyi torpaqlarda həyat qurur. Baş Qərvənddə yüksələn məktəb isə bu həyatın ən gözəl rəmzlərindən biridir. Çünki məktəb yalnız təhsil ocağı deyil, gələcəyə açılan qapıdır. Qarabağda bu qapılar artıq bir-bir açılır və həmin qapılardan sabahın firavan, güclü və müasir Azərbaycanı boylanır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB