Paraqvay 2026-cı il Dünya Kubokunun 1/16 finalında Almaniyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək turnirin indiyədək ən böyük sensasiyasına imza atıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Paraqvay ilk hissənin sonlarında Julio Ensisonun baş zərbəsi ilə hesabı açıb. Dördqat dünya çempionu Almaniya isə 52-ci dəqiqədə Kai Havertzin qolu ilə bərabərliyi təmin edib.
Penaltilər seriyasında həlledici qolu Xose Kanale vurub. Qapıçı Orlando Gill isə iki zərbəni dəf edərək komandasının qələbəsində əsas rol oynayıb.
Paraqvay 1/8 finalda Filadelfiyada Fransa – İsveç cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələni də adlayacağı təqdirdə, iyulun 9-da Foksboroda keçiriləcək dörddəbir finala vəsiqə qazanacaq.
Almaniya bundan əvvəl böyük turnirlərdə keçirdiyi yeddi penalti seriyasının altısında qalib gəlmişdi. Yeganə məğlubiyyətini isə 1976-cı il Avropa çempionatının finalında Çexoslovakiyaya qarşı yaşayıb.
Komandalar Dünya Kubokunda sonuncu dəfə 2002-ci ildə üz-üzə gəlib və həmin görüşdə Almaniya 1:0 hesabı ilə qalib gəlmişdi. Təxminən 25 il sonra Paraqvay həmin məğlubiyyətin əvəzini çıxmağı bacarıb.
Paraqvay daha əvvəl Dünya Kubokunun pley-off mərhələsində keçirdiyi beş oyunda qol vura bilməmişdi. Komanda bu mərhələdə yeganə qələbəsini 2010-cu ildə Yaponiya üzərində penaltilərlə qazanmış, daha sonra isə dörddəbir finalda sonradan çempion olan İspaniyaya uduzmuşdu.
Almaniya üçün bu, 2014-cü ildə Braziliyada keçirilən və Argentinaya qarşı qalib gəldiyi finaldan sonra Dünya Kubokunda ilk pley-off oyunu idi.
Almaniya əlavə vaxtın 102-ci dəqiqəsində Jonathan Tahın baş zərbəsi ilə qol vursa da, yoxlamadan sonra Valdemar Antonun künc zərbəsi zamanı qapıçı Orlando Gillə qarşı qayda pozuntusu etdiyi müəyyən olunub və qol ləğv edilib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB