"Müharibənin yaxın vaxtlarda bitəcəyi gözlənilmir" - ŞƏRH EDİLDİ

"Müharibənin yaxın vaxtlarda bitəcəyi gözlənilmir" - ŞƏRH EDİLDİ

"Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti hələ 2014-cü ildə Krımın ilhaqı, ardınca isə Donetsk və Luqanskda qondarma qurumların yaradılması ilə başlamışdı".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, hazırda davam edən genişmiqyaslı müharibə isə 2022-ci il fevralın 24-də Rusiyanın hərbi hücumu ilə yeni mərhələyə keçdi:

"Müharibənin ilk aylarında Rusiya hərbi üstünlüyə malik idi və Ukraynanın bir sıra ərazilərini işğal etdi. Lakin sonrakı dövrdə Ukrayna ordusunun göstərdiyi ciddi müqavimət Rusiyanın irəliləyişini xeyli zəiflətdi.

Son dövrlərdə isə Ukrayna cəbhədə daha fəal mövqe nümayiş etdirir. Xüsusilə uzaqmənzilli pilotsuz uçuş aparatlarından istifadənin genişlənməsi Rusiyanın hərbi və enerji infrastrukturuna qarşı uğurlu zərbələrin endirilməsinə imkan yaradıb. Bu, Ukraynanın döyüş meydanında taktiki üstünlüyünü müəyyən qədər artıran amillərdən biri hesab olunur.

Bununla belə, mövcud vəziyyət müharibədə hər hansı tərəfin qələbə qazandığını söyləməyə əsas vermir. Döyüşlər davam edir və hazırkı şərait göstərir ki, münaqişənin yaxın vaxtlarda tam başa çatacağı ehtimalı yüksək deyil. Müharibənin hələ bir müddət davam etməsi daha real görünür".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə