Sülh, yoxsa müharibə müqaviləsi? - ANALİZ

Sülh, yoxsa müharibə müqaviləsi?  - ANALİZ

Atəşkəs ABŞ və İranın qarşılıqlı zərbələrinə mane ola bilmədi

ABŞ ordusu İranın Panama bayrağı altında üzən tankerə pilotsuz təyyarəsinin hücumuna cavab olaraq Hörmüz boğazında İran hərbi hədəflərinə zərbə endirib. Sülh memorandumu imzalandıqdan sonra yeni bir gərginliyin baş verəcəyi bəlli idi. Sanki tərəfləri zorla danışıqlar masasına əyləşdirmişdilər. Bu gün artıq Vaşinqton və Tehran bir-birini sülh müqaviləsini pozmaqda ittiham edir və yeni təhdidlər mübadiləsi aparır. Beləliklə, tammiqyaslı münaqişənin yenidən başlama ehtimalı real olaraq qalır.

18 iyunda prezidentlər Donald Tramp və Məsud Pezeşkian tərəfindən ABŞ-İran sülh memorandumunun imzalanmasından sonra Yaxın Şərqdə yeni bir gərginliyin səbəbi, 27 iyun səhəri Hörmüz boğazında baş verən bir hadisə oldu. Bu hadisədə İran pilotsuz təyyarəsi 2 milyon bareldən çox neft daşıyan Panama bayrağı altında üzən M/T Kiku ticarət tankerinə hücum etdi. Amerikanın cavabı dərhal və daha geniş idi. ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Hörmüz boğazında və yaxınlığında bir çox yerdə 10 İran hərbi hədəfinə zərbə endirib. Xüsusilə, Amerika hücumu İranın cənubundakı Bəndər Lengeh liman şəhərini, Sirik adlı başqa bir liman və yaxınlıqdakı Qeşm adasını hədəf alıb.

CENTCOM-un açıqlamasına görə, ABŞ döyüş təyyarələri İran hərbi kəşfiyyat obyektlərinə, rabitə sistemlərinə, hava hücumundan müdafiə mövqelərinə, dron anbarlarına və dəniz minalama obyektlərinə kütləvi zərbələr endirib. Lakin İran tərəfi son sözü deməyə çalışıb. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) dəniz və aerokosmik qüvvələrinin 28 iyun gecəsi ballistik raketlər və hücum dronlarından istifadə edərək bir saatlıq birgə əməliyyat keçirdiyini, Küveytdəki Əli Əs-Salem Hava Bazası və Bəhreynin Port Salman şəhərindəki ABŞ Beşinci Donanmasının qərargahı da daxil olmaqla, bölgədəki "səkkiz əsas ABŞ hərbi obyektinə" zərbə endirdiyini açıqlayıb.

İİKK komandanlığı ABŞ-ı daha da təhdid edən bir bəyanat yayıb. "ABŞ-ın regiondakı bazalarının dəyəri ayrı bir məsələdir. Onlar yaxın günlərdə cəhənnəmlə üzləşəcəklər", - deyə İİKK xəbərdarlıq edərək əlavə edib ki, "düşmənin istənilən bəhanə ilə mümkün təcavüzünə sarsıdıcı cavab veriləcək və qayda pozanlara əvvəlkindən daha sərt davranılacaq". Bundan əlavə, İran təhlükəsizlik rəsmiləri Vaşinqtonu atəşkəsin yaradılmasını nəzərdə tutan memorandumun birinci bəndini pozmaqda günahlandırıb və sülh prosesinin tamamilə dayandırıla biləcəyini bildiriblər.

İİKK tərəfindən hücuma məruz qalan tankerlə bağlı hadisə təsadüfi bir hadisə deyil və hər iki tərəfin memorandumun müddəalarını fərqli şəkildə şərh etdiyini, ona öz mənasını verdiyini nümayiş etdirir. Bu uyğunsuzluqlar yeni toqquşmalar üçün zəmin yaradır və yeni tammiqyaslı qarşıdurmaya çevrilmək təhlükəsi yaradır. Tehran iddia edir ki, xarici gəmilərin Hörmüz boğazından keçməsi yalnız bu gəmilər əvvəlcə marşrutlarını Tehranla əlaqələndirib İran tərəfindən icazə aldıqları təqdirdə mümkün olacaq. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi izah edib ki, "Hörmüz boğazından təhlükəsiz keçid qeyri-müəyyən razılaşmalar, paralel marşrutlar və ya sahil dövləti kimi İranın maraqlarını nəzərə almadan verilən qərarlarla təmin olunmur". Görünür, Panama bayrağı altında üzən tanker bu xəbərdarlığı qulaqardına vurub və İslamabad Memorandumunu Hörmüz boğazından maneəsiz keçid üçün kart-blanş kimi şərh edib.

Atəşkəs Vaşinqton və Tehran arasında yeni bir gərginliyə tab gətirəcəkmi?

Panama tankerinə edilən hücum Sinqapur bayrağı altında üzən üç tankerin Hörmüz boğazından keçməyə cəhd etdiyi, lakin Tehranın icazəsi olmadan bunu edə bilmədiyi başqa bir hadisədən sonra baş verib. "The Wall Street Journal" qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, tankerlərdən birinə İİKK tərəfindən hücum edilib və bu barədə dərhal Prezident Trampa məlumat verilib. Qəzet yazıb ki, "Tramp İranın boğazda sərbəst naviqasiyaya mane ola bilməyəcəyini açıq şəkildə bildirib".

Tehran hadisə ilə bağlı öz versiyasını təqdim edir. İran mediası xəbər verir ki, "İİKK-nın xəbərdarlığından sonra Hörmüz boğazından qanunsuz keçməyə çalışan üç xarici neft tankeri saxlanılaraq Fars körfəzinə qaytarılıb".
ABŞ-ın vitse-prezidenti J.D. Vensin 25 iyunda elan etdiyi iki tərəf arasında qurulan birbaşa xətt Hörmüz boğazında fövqəladə vəziyyətin qarşısını almağa zəmanət verə bilməz. Vensin qeyd etdiyi kimi, iki tərəf gərginliyi azaltmaq və mübahisəli məsələləri həll etmək üçün birbaşa rabitə kanalı yaratmaq barədə razılığa gəliblər. Lakin cavab olaraq İran tərəfi bildirib ki, qurulan rabitə kanalı yalnız siyasi məsələlər üçün nəzərdə tutulub, gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı məsələlərdə Vaşinqtonla əlaqələndirmə üçün deyil. İranın təhlükəsizlik mənbəyinə istinadən verilən məlumata görə, İİKK rəhbərliyi birbaşa xəttə qoşulmayıb və gələcəkdə Vaşinqtonla əlaqə üçün bundan istifadə etmək niyyətində deyil.

"Mənbə, Hörmüz boğazında İranın ərazi hüquqlarına işarə edərək, əlavə etdi ki, rabitə kanalının yaradılması ABŞ ilə gəmilərin keçidini əlaqələndirmək demək deyil və boğazdan istənilən keçidin İran tərəfindən göstərilən marşrutlar üzrə getməsi üşündür", - deyə telekanal bildirib.

İranla bağlı razılaşma niyə tənqid olunur?

İslabad Memorandumunun həyata keçirilməsinin təhlükə altında olduğu bir vəziyyətdə, çox şey Prezident Trampın İranla yeni bir gərginlikdə nə qədər irəli getməyə hazır olmasından asılı olacaq. Hörmüz boğazındakı vəziyyətlə bağlı şərh verən Ağ Ev rəhbəri bir daha pis ritorikaya əl ataraq, ABŞ-ın bir məqamda İrana qarşı tammiqyaslı hərbi əməliyyatları bərpa etməyə məcbur olacağını irəli sürüb. "Onların heç vaxt dərs çıxarmamaları tamamilə mümkündür! Artıq rasional hərəkət edə bilməyəcəyimiz və başladığımız işi hərbi cəhətdən uğurla başa çatdırmağa məcbur olacağımız bir nöqtə gələ bilər. Əgər bu baş verərsə, İran İslam Respublikası mövcudluğuna son qoyacaq", - deyə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Yeni gərginlik mərhələsi və əsas məqamlar

ABŞ İranın hərbi obyektlərinə zərbə endirərək bunu "Hörmüz boğazında davam edən təcavüzünə görə qisas" adlandırıb. İran tezliklə Küveytdəki ABŞ bazasına və Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin limanına hücum edib. ABŞ prezidenti Donald Tramp İranı məhv etməklə hədələyib və İİKK ABŞ bazalarına "cəhənnəm" gətirəcəyinə söz verib.

"The Wall Street Journal" (WSJ) qəzetinin iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, İran Hörmüz boğazında Oman sahillərində Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum edib.

26 iyun

ABŞ prezidenti Donald Tramp İranı Hörmüz boğazında atəşkəsi pozmaqda günahlandırıb. Sosial media platforması TruthSocial-da o, İranın gəmilərə ən azı dörd dron atəş açdığını yazıb. Trampın açıqlamalarından qısa müddət sonra İranda partlayış səsi eşidilib, IRIB və Nournews xəbər verirlər. Axios xəbər verir ki, ABŞ Hörmüz boğazı yaxınlığında İrana qarşı hücumlar həyata keçirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı hücumları təsdiqləyib. Komandanlığın açıqlamasında bildirilir ki, hücum "Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq həyata keçirilib". ABŞ təyyarələri İranın raket və pilotsuz təyyarə anbarlarına, eləcə də sahil radar stansiyalarına hücum edib.

27 iyun

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İranın cənubundakı hücumlarına "sürətli və qətiyyətli" cavab verəcəyinə söz verib. İran ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinə qarşı Küveytdəki Əli əl-Salem hava bazasına və Bəhreynin Port Salman şəhərindəki Beşinci Donanma bazasına hücum edərək cavab verib. İİKK ABŞ hücumlarının təkrarlanacağı təqdirdə daha genişmiqyaslı cavab verəcəyi ilə hədələyib.

Vurulan zərər

The Wall Street Journal qəzeti İranın Bəhreyndəki Amerika bazasına endirdiyi zərbələrin zərərini 400 milyon dollar olaraq qiymətləndirib, əməliyyat mərkəzinə, təxminən onlarla binaya və rabitə terminallarına ziyan vurub. Qəzetin qeyd etdiyi kimi, analitiklər İrandan bütün Amerika bazalarına dəyən ümumi zərəri 2,2 milyard dollarla 5,1 milyard dollar arasında qiymətləndirirlər. "Axios"un məlumatına görə, İranın zərbələri heç bir hərbi itkiyə və ya ABŞ bazalarına ciddi ziyana səbəb olmayıb. Krallığın Daxili İşlər Nazirliyinin məlumatına görə, İranın hücumu nəticəsində Bəhreyndə yaşayış binasına ziyan dəyib.

İranın Bəyanatları

İran ABŞ-ı atəşkəs memorandumunun və BMT Nizamnaməsinin "kobud şəkildə pozulmasında" günahlandırıb. İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ABŞ İranla memorandumun iki bəndini, o cümlədən Hörmüz boğazında gərginliyi artırmağa davam etməkdə pozub. İranın xarici işlər naziri Abbas Əraqçi üçüncü ölkələri Hörmüz boğazındakı vəziyyətə müdaxilə etməməyə çağırıb, çünki bu, marşrutun açılmasını gecikdirə bilər.
Əraqçi bildirib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpası məsuliyyəti yalnız İranın üzərinə düşür. İran Fars körfəzi ölkələri ilə regiondan kənar ölkələrin müdaxiləsini istisna edəcək təhlükəsizlik sisteminin yaradılmasına çağırıb. İİKK Hərbi Dəniz Qüvvələrinin komandanı bildirib ki, yaxın günlərdə Yaxın Şərqdəki ABŞ bazalarını "cəhənnəm" gözləyir. İİKK bəyan edib ki, qayda pozanlara qarşı zərbələr "keçidin sərbəst olduğu Hörmüzdəki gəmiləri xatırladacaq". İran televiziya kanalı Press TV-yə görə, İİKK rəhbərliyi birbaşa xəttə qoşulmayıb və gələcəkdə Vaşinqtonla əlaqə qurmaq üçün bundan istifadə etmək niyyətində deyil.

Küveyt və Bəhreyndən bəyanatlar

Küveyt İranın ölkəyə qarşı təcavüzünü qətiyyətlə pisləyib. Bəhreyn Xarici İşlər Nazirliyi krallığın ərazisinə İranın pilotsuz təyyarə hücumu barədə məlumat verib. Bəhreyn Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, ABŞ ilə memorandum imzalanarkən verilən vədləri pozmaqda və "bölgədə sakitliyə nail olmaq üçün qalan imkanları sarsıtmaqda" İran "təkbaşına məsuliyyət daşıyır". Bəhreyn beynəlxalq ictimaiyyəti qonşu ölkələrə hücumlarını dayandırmaq üçün İrana təzyiq göstərməyə və İranın təkrar hücumları səbəbindən BMT Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırıb.

AB Bəyanatları

AB İranın Bəhreynə qarşı dron hücumlarını qınadı. AB İranı qonşu dövlətlərə hücumları dərhal dayandırmağa, ABŞ ilə anlaşma memorandumuna tam əməl etməyə və BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsini tam şəkildə yerinə yetirməyə çağırdı.

V.VƏLİLİ

Bütün xəbərlər Facebook səhifəmizdə