“Azərbaycan Ordusu dünyanın bir sıra silahlı qüvvələrindən fərqli olaraq özünəməxsus şəraitdə formalaşıb. Bu ordunun taleyində həm 1918-ci ildə, həm də 1991–1993-cü illərdə fərqli və mürəkkəb mərhələlər yaşanıb”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu səngərdə, müharibədə və döyüşlərdə formalaşıb:
“O, bir çox ordular kimi uzun müddət sülh şəraitində inkişaf mərhələsi keçməyib. Bəlkə də məhz bu amil Azərbaycan Ordusunun ən böyük üstünlüklərindən biridir.
Bu gün Silahlı Qüvvələrimiz dünyanın onlarla ölkəsinin ordusu üçün nümunə hesab olunur. Bu nümunə Azərbaycan hərbçilərinin qanı, canı və peşəkarlığı sayəsində formalaşıb.
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövləti və xalqı üçün xüsusi əhəmiyyət daşıyan bir gündür. Ordunun 1991-ci il oktyabrın 9-da yenidən bərpa olunması da ölkəmizin tarixində mühüm hadisələrdən biridir.
Ümumiyyətlə, güclü ordu sülhün və əmin-amanlığın əsas təminatçısıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri həmin təminatı yarada bilib və öz imtahanından yüksək səviyyədə keçib. Çünki hər bir ordunun əsas imtahanı döyüş meydanıdır. Bu baxımdan Azərbaycan Ordusu döyüş meydanında yüksək nəticələr göstərərək öz gücünü və peşəkarlığını sübut edib.
Bu gün Silahlı Qüvvələrimizin silah və texnika parkı, potensialı və təcrübəsi haqqında yalnız sözlə deyil, faktlara əsaslanaraq danışmaq mümkündür. Azərbaycan Ordusu güclü və peşəkar bir hərbi qüvvədir. Onun arsenalında təkcə atıcı silahlar və kiçikmiqyaslı əməliyyatlar üçün nəzərdə tutulmuş texnika deyil, həm də genişmiqyaslı və mühüm hərbi əməliyyatları həyata keçirməyə imkan verən müasir silahlar, raket-artilleriya sistemləri və digər hərbi vasitələr mövcuddur.
Bir sözlə, Silahlı Qüvvələrimiz qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirməklə yanaşı, əldə etdiyi təcrübəni dost və tərəfdaş ölkələrlə də bölüşür, onların hərbi potensialının inkişafına öz töhfəsini verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB