“Müasir əmək bazarı rəqəmsal iqtisadiyyatın təsiri ilə sürətlə transformasiyaya uğrayır və bu proses magistr dərəcəsinə malik mütəxəssislərin karyera imkanlarına fərqli istiqamətlər üzrə təsir göstərir”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Artıq magistr təhsili sadəcə ali təhsilin davamı deyil, daha çox dərin ixtisaslaşma və peşəkar kompetensiyaların göstəricisi kimi qəbul olunur. Bu isə əmək bazarında həmin şəxslərə əlavə rəqabət üstünlüyü qazandırır və işə qəbul prosesində onların seçilmə ehtimalını artırır:
”Karyera inkişafı baxımından magistr dərəcəsi xüsusi əhəmiyyət kəsb edir. Bir çox təşkilatlarda rəhbər və orta idarəetmə vəzifələrinə irəli çəkilmə zamanı magistr təhsili mühüm seçim meyarı kimi nəzərə alınır. Eyni zamanda, əməkhaqqı göstəricilərinə baxdıqda magistr məzunlarının orta gəlirlərinin bakalavr dərəcəsinə malik şəxslərlə müqayisədə daha yüksək olduğu müşahidə olunur. Bu tendensiya həm beynəlxalq əmək bazarı təcrübəsi, həm də statistik məlumatlarla təsdiqlənir.
Magistr diplomunun daha çox tələb olunduğu sahələrə nəzər saldıqda, ilk növbədə akademik və elmi istiqamətlər diqqət çəkir. Universitetlərdə pedaqoji fəaliyyət və elmi-tədqiqat işləri üçün magistr dərəcəsi minimum tələb kimi çıxış edir. Bu sahədə yalnız bakalavr təhsili ilə fəaliyyət imkanları məhdud qalır.
Bundan əlavə, dövlət idarəçiliyi, maliyyə və iqtisadiyyat sahələrində də magistr hazırlığı mühüm rol oynayır. Bu istiqamətlərdə analitik düşüncə, strateji planlaşdırma və ixtisaslaşmış biliklər tələb olunduğu üçün magistr təhsili üstünlük kimi qiymətləndirilir. Tibb sahəsində isə daha dar ixtisaslaşma üçün magistratura ilə yanaşı, rezidentura mərhələsi də vacibdir və bakalavr səviyyəsi kifayət hesab edilmir.
Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə bir çox texnoloji sahələrdə də magistr dərəcəsi mütəxəssisin daha dərin nəzəri və praktiki hazırlığa malik olduğunu göstərən göstərici kimi qəbul edilir. Xüsusilə mühəndislik sahəsində magistr təhsili kompleks problemlərin həlli, innovativ yanaşmaların tətbiqi və fənlərarası biliklərin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Bununla yanaşı, bəzi sahələrdə magistr diplomu əsas rol oynamaya bilər. İT və proqramlaşdırma sahələrində işə qəbul zamanı daha çox praktiki bacarıqlar, real layihə təcrübəsi və texniki biliklər ön plana çıxır. Eyni hal yaradıcı sahələr üçün də keçərlidir; burada əsas meyar şəxsin portfeli, yaradıcılıq qabiliyyəti və fərdi yanaşmasıdır. Müştəri xidmətləri kimi sahələrdə isə ünsiyyət bacarıqları, operativlik və problem həll etmə qabiliyyəti daha çox qiymətləndirilir.
Analitik və dar ixtisaslaşma tələb edən sahələrdə magistr dərəcəsi zəruri və ya üstünlükverici amil kimi çıxış etdiyi halda, digər sahələrdə o, əlavə üstünlük rolunu oynayır. Bu baxımdan magistr təhsili əmək bazarında mövqeyini gücləndirmək və karyera perspektivlərini genişləndirmək istəyən şəxslər üçün strateji əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB