"Bu gün Azərbaycan Respublikası artıq dünya üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Azərbaycan sözün həqiqi mənasında siyasi, iqtisadi və humanitar platforma kimi çıxış edir".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputati Azər Allahverənov deyib.

Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə - enerji, iqlim, mədəniyyətlərarası dialoq, idman, təhlükəsizlik və digər sahələrdə keçirilən tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir: "Hər hansı beynəlxalq tədbirə ev sahibliyi etmək sadəcə texniki təşkilatçılıq məsələsi deyil. Bu, dövlətin potensialının, idarəçilik qabiliyyətinin, təhlükəsizlik mühitinin və ümumbəşəri dəyərlərə sadiqliyinin nümayişidir. Azərbaycan bu sahədə formalaşmış zəngin təcrübəyə malikdir və keçirilən tədbirlərdə qarşıya qoyulan məqsəd və vəzifələr yüksək səviyyədə təmin olunur. Bu da ölkədə yaradılmış sabit, işgüzar və əlverişli mühitin nəticəsidir.
Bunun ən bariz nümunələrindən biri COP29-dur. Bu tədbir çərçivəsində əvvəlki COP formatlarında razılıq əldə olunmayan bir sıra məsələlər üzrə konsensus formalaşdı. Bir çox dövlət rəhbərləri və nümayəndələr Azərbaycanı COP tarixində mühüm mərhələyə imza atan ölkə kimi qiymətləndirdilər. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi təkcə təşkilati baxımdan deyil, həm də diplomatik nəticələr baxımından uğurlu oldu.
Azərbaycan daha əvvəl də böyük miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Eyni zamanda mədəniyyətlərarası və sivilizasiyalararası dialoq forumları Azərbaycanın qlobal humanitar gündəlikdə aktiv iştirakını təmin edib. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq media forumlarının və biznes platformalarının təşkili yeni reallıqların təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən zirvə görüşləri də Azərbaycanın regional liderlik mövqeyini möhkəmləndirir.
Qarşıdan gələn Şəhərsalma Forumu (22 may tarixində keçiriləcək) strateji baxımdan mühüm platformalardan biri olacaq. Bu forumda qəbul ediləcək qərarların həm regional, həm də qlobal miqyasda təsir imkanları mövcuddur. Belə tədbirlər Azərbaycanın artıq təkcə iştirakçı deyil, təşəbbüskar və istiqamətverici dövlət kimi çıxış etdiyini göstərir.
Nəticə etibarilə, Azərbaycan beynəlxalq münasibətlər sistemində lokomotiv funksiyasını yerinə yetirən, müxtəlif sahələr üzrə təşəbbüslərlə çıxış edən və artan nüfuzu ilə seçilən dövlətə çevrilib. Bu siyasət həm ölkənin imicini gücləndirir, həm də onun qlobal proseslərdə rolunu daha da möhkəmləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB