Ermənistanla sülh müqaviləsinə nə qədər yaxınıq ? - POLİTOLOQ DANIŞDI

"Biz Ermənistanla sülh müqaviləsindən hələ uzağıq. Düzdür, gedişat sanki buna doğru gedir, amma ermənilərin xislətini və hazırkı Paşinyan rəhbərliyinin qeyri-sabit davranışlarını nəzərə alsaq, deyə bilərəm ki, sülh müqaviləsi düşündüyümüz qədər yaxın deyil". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, birinci məsələ ondan ibarətdir ki, Ermənistanda yaxın vaxtlarda seçkilər gözlənilir: "Düzdür, hələlik Paşinyan favorit kimi görünür, amma istənilən anda vəziyyət dəyişə bilər.

İkinci məsələ isə Paşinyan hakimiyyətinin özünün qeyri-müəyyən və ziddiyyətli bəyanatlar verməsidir. Bir gün deyirlər ki, konstitusiyanı referendumla dəyişməliyik, ertəsi gün bildirirlər ki, buna ehtiyac yoxdur. Ya da deyirlər ki, konstitusiyanın preambulasında ərazi iddiası yoxdur, sonra isə “xalq səs verməsə, dəyişiklik olmayacaq” kimi bəhanələr irəli sürürlər. Yəni konkret mövqe və nəticə yoxdur. Ona görə də düşünürəm ki, bu şərtlərlə yaxın zamanda sülh müqaviləsinin imzalanması real görünmür.

Tarixi torpaqlarımıza dair iddialarımızdan geri çəkilməməliyik və bir gün ora qayıtmalıyıq. Maşınla, yoxsa tankla-bunu zaman göstərəcək. Amma reallıq göstərdi ki, əvvəlcə tanklar yolu açır, sonra maşınlar gəlir. Qarabağ məsələsində bunu gördük.

Zəngəzur məsələsinə gəlincə, biz istəyirik ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında heç bir yoxlama olmadan sərbəst keçid olsun. Amma ermənilər deyirlər ki, yoxlayacağıq. Deməli, bu məsələ də hələ tam həll olunmayıb. Bütün bu məsələlər-Zəngəzur dəhlizi, konstitusiya dəyişiklikləri və digər şərtlər yerinə yetirilmədən sülh müqaviləsi gözləmək hələ tezdir. Lakin inanmıram ki, yaxın zamanda imzalananacaq.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə