“Azərbaycan beynəlxalq arenada məsuliyyətli aktor statusunu möhkəmləndirir” - ŞƏRH OLUNDU

”Prezident İlham Əliyevin “Bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar” fikri ölkənin son illərdə beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin elmi-analitik ümumiləşdirilməsi kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə, bu ifadə emosional yanaşmadan daha çox, konkret siyasi, iqtisadi və strateji göstəricilərə əsaslanan obyektiv reallığı əks etdirir. Azərbaycanın qazandığı beynəlxalq hörmət təsadüfi amillərin deyil, ardıcıl, müstəqil və praqmatik dövlət siyasətinin nəticəsidir:

“Azərbaycanın beynəlxalq nüfuzunun artmasının əsas səbəblərindən biri balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyasıdır. Ölkə milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalır. Bu yanaşma Azərbaycanın müstəqil siyasi iradəyə malik, proqnozlaşdırılan və etibarlı dövlət kimi qəbul edilməsini təmin edir. Qlobal və regional proseslərdə prinsipial mövqe nümayiş etdirməsi Azərbaycanın beynəlxalq arenada məsuliyyətli aktor statusunu möhkəmləndirir.

Beynəlxalq hörmətin formalaşmasında Azərbaycanın etibarlı tərəfdaş imici xüsusi yer tutur. Ölkə imzaladığı beynəlxalq müqavilələrə və üzərinə götürdüyü öhdəliklərə ardıcıl şəkildə əməl edir. Bu xüsusiyyət xüsusilə enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq edən tərəfdaş dövlətlər üçün strateji əhəmiyyət daşıyır. Etibarlılıq faktoru Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin ciddi qəbul edilməsinə və uzunmüddətli əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol da onun beynəlxalq çəkisini əhəmiyyətli dərəcədə artıran amillərdəndir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çıxarılan enerji resursları qitənin enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı bir şəraitdə Azərbaycanın sabit və etibarlı enerji təchizatçısı kimi çıxış etməsi Avropa dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Enerji təhlükəsizliyinə töhfə vermək beynəlxalq münasibətlərdə dövlətlərin nüfuzunu müəyyən edən əsas meyarlardan biri hesab olunur.

Bununla yanaşı, Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf etdirilən nəqliyyat-logistika infrastrukturu ölkənin strateji əhəmiyyətini daha da artırır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regional və qlobal ticarət proseslərinin mühüm qovşağına çevrilib. Müasir limanlar, dəmir yolu xətləri və logistika mərkəzləri ölkənin beynəlxalq iqtisadi inteqrasiyasını sürətləndirir və onun geoiqtisadi rolunu gücləndirir.

Prezident İlham Əliyevin vurğuladığı beynəlxalq hörmət anlayışı Azərbaycanın artan siyasi nüfuzu, etibarlı tərəfdaşlıq modeli, enerji təhlükəsizliyinə verdiyi töhfələr və strateji nəqliyyat qovşağı kimi çıxış etməsi ilə şərtlənir. Bu amillərin məcmusu Azərbaycanın dünya siyasətində möhkəm, dayanıqlı və hörmətə əsaslanan mövqe tutmasını təmin edir və ölkənin qlobal sistemdə rolunun gələcəkdə daha da artacağını göstərir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə