“ABŞ-Azərbaycan münasibətlərinin inkişafı ölkəmizin apardığı düzgün siyasətin nəticəsidir” - ŞƏRH
"Bu ilin yanvar ayının 4-də ABŞ nümayəndə heyəti Azərbaycana səfər edib və səfər çərçivəsində Azərbaycan Prezidenti onları qəbul edib. Görüş zamanı əsasən Azərbaycan–Amerika münasibətlərinin inkişafı və xüsusilə Tramp hakimiyyəti dövründə başlayan normallaşma prosesi, eləcə də Trampın yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanla ABŞ arasında münasibətlərin normallaşması məsələləri müzakirə olunub". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, həmçinin avqustun 8-də Vaşinqtonda Trampın dəstəyi ilə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin paraflanması mövzusu diqqət mərkəzində olub: "Bu kontekstdə Azərbaycan Prezidenti bir neçə mühüm fikir səsləndirib və qeyd edib ki, məhz respublikaçıların hakimiyyəti dövründə, yəni Trampın əvvəlki prezidentliyi zamanı Azərbaycanla ABŞ arasında münasibətlər inkişaf edib. Təəssüf ki, Co Bayden dövründə bu münasibətlər soyuyub, ABŞ administrasiyası birtərəfli mövqe nümayiş etdirib və Azərbaycana təzyiq göstərməyə çalışıb. Azərbaycan isə öz milli maraqlarından çıxış edərək bu təzyiqlərə boyun əyməyib və nəticədə münasibətlərdə durğunluq yaranıb. Hələ ABŞ-də seçkilər zamanı Azərbaycan Prezidenti respublikaçıların hakimiyyətə gələcəyi təqdirdə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf edəcəyini proqnozlaşdırırdı. Bu proqnozlar da özünü doğrultdu. Amerika xalqı Trampı yenidən prezident seçdi və Tramp administrasiyası Azərbaycanla münasibətlərin inkişafına başladı. Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edərkən ABŞ nümayəndə heyəti Azərbaycan Prezidentinə yüksək qiymət verirdi.
Görüş zamanı nümayəndələrin diqqətinə çatdırıldı ki, 907-ci düzəliş ABŞ-Azərbaycan əlaqələrinin bugünkü inkişaf məntiqinə uyğun gəlmir. Azərbaycan Prezidenti bildirib ki, həmin düzəlişin tamamilə ləğv edilməsi üçün ABŞ senatorlarının səylərini davam etdirəcəyinə ümid edir. Artıq ABŞ qanunvericiləri də anlayırlar ki, 907-ci düzəliş Azərbaycan-Amerika münasibətlərinə zərər vurur və bu düzəlişin vaxtilə qəbul edilməsi düzgün olmayıb. Buna görə də hesab edilir ki, bu il ərzində ABŞ Senatında hazırlanacaq yeni qanunvericilik təşəbbüsü çərçivəsində 907-ci düzəliş ləğv oluna bilər və Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər. Bugünkü gərgin və mürəkkəb beynəlxalq şəraitdə, dünyanın yenidən bölündüyü bir dövrdə ABŞ-Azərbaycan münasibətlərinin bu səviyyədə inkişaf etməsi Azərbaycanın apardığı doğru və balanslı siyasətin nəticəsidir. Hesab edilir ki, məhz Cənubi Qafqazda həyata keçirilən bu siyasət nəticəsində davamlı və dayanıqlı sülh əldə olunacaq və bu prosesdə ABŞ-ın ciddi dəstəyi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB