"Bu qərar ölkəmizdə genişmiqyaslı tikinti və abadlıq işlərinin simvolu olacaq" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidenti tərəfindən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması, ölkəmizdə qurulan yeni şəhərlərin milli memarlıq ruhunda formalaşması ilə yadda qalacaq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu il şəhərlərimizin, qəsəbələrimizin və kəndlərimizin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq milli və müasir Qərb arxitekturası üslubunda yenidən bəzədilməsi ilə seçiləcək: "Əslində, bu qərar həm də ölkəmizdə genişmiqyaslı tikinti və abadlıq işlərinin simvolu olacaq. Bu gün biz Azərbaycan torpaqlarının 20%-də yerləşən kənd və şəhərləri yenidən qururuq. İşğaldan azad olunmuş rayonlarımızda müasir memarlığın ən yüksək tələblərinə cavab verən yeni binalar inşa edilir, eyni zamanda əcdadlarımızın minilliklər boyu yaratdığı tarixi-mədəni irs bərpa olunur və təmir edilir.

Bu mədəni irsi qorumaq xalqımızın qürur mənbəyidir. Lakin bu işin əsas yükü memarlıq peşəsinə yiyələnmiş, tarixi üslubumuzu dərindən öyrənən, onu tətbiq edən və yaşadan inşaat mühəndislərinin üzərinə düşür. 2026-cı il bu baxımdan da çox əhəmiyyətli olacaq. Çünki postmünaqişə dövründə bu il bizə dəymiş yaraların sarılması, sağalması və ölkəmizin yenidən qurulması baxımından önəmli mərhələ kimi tarixə düşəcək".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə