"Kəlbəcərin dirçəlişi üçün lazım olan bütün addımlar atılır" - ŞƏRH EDİLDİ

"Kəlbəcərin işğaldan azad edilməsinin 5 ili tamam olur. Bu gün biz torpaqlarımızın bir güllə belə atılmadan geri qaytarılmasının nadir nümunələrindən birini xatırlayırıq. Bu gün xalqımız daha bir tarixi günü yaşayır. Maddi, mədəni və təbii sərvətlərlə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir. Kəlbəcər bu gün qələbənin qızılı rənglərinə boyanaraq bayram edir. Bu münasibətlə bütün kəlbəcərliləri və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir:

"Həmin Sərəncama əsasən 25 noyabr – Kəlbəcər şəhəri günü elan olunmuşdur. Kəlbəcər dəniz səviyyəsindən 1500–3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarının ətəyində yerləşərək zəngin flora və faunaya malik əsl təbiət muzeyidir. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı 10 noyabr Bəyanatına əsasən Kəlbəcər rayonunun Azərbaycana qaytarılması təmin edildi. Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü qətiyyətli hərbi-siyasi strategiyanın davamı olaraq Kəlbəcər bir güllə belə atılmadan azad edildi və düşmən rayon ərazisini tərk etməyə məcbur oldu. Azadlığa qovuşduqdan sonra Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməyə başladı. Göygöl rayonunda Toğanalı–Kəlbəcər avtomobil yolunun 13-cü kilometrində iki tunelin inşası, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının istifadəyə verilməsi, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı, Kəlbəcər–Laçın avtomobil yolunun tikintisi, Laçın rayonunda 110 kV-luq “Qorçu” yarımstansiyasında görülən işlər və digər layihələr sürətlə icra olunmaqdadır. Qısa müddət ərzində Kəlbəcərin dirçəlişi üçün lazım olan bütün addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər yenidən Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək və kəlbəcərlilər öz doğma yurdlarında qurub-yaratmaq imkanına qovuşacaqlar".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə