"Bu il ərzində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni və humanitar həyatında mühüm hadisələr baş vermiş, bir çox sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. İlin əvvəlindən etibarən həyata keçirilən layihələr, qəbul edilən dövlət proqramları, regionların inkişafına yönəlmiş addımlar, habelə sosial rifahın yaxşılaşdırılmasına dair qərarlar Azərbaycanın dayanıqlı inkişafına xidmət etmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu il “Suverenlik ili” və “Konstitusiya ili” elan olunmuşdur: "Bu mühüm qərar təkcə dövlətimizin müstəqilliyinin və milli birliyinin rəmzi deyil, həm də xalqımızın tarixində yeni bir mərhələnin başlanğıcını ifadə edir. Azərbaycanın dövlət suverenliyinin tam bərpası, ərazi bütövlüyünün təmin olunması və konstitusiya quruluşunun möhkəmləndirilməsi bu ilin əsas istiqamətlərini təşkil edir.
Bu il ölkəmizin hər bir bölgəsində vətəndaş həmrəyliyini, milli qüruru və dövlətə sədaqəti möhkəmləndirən müxtəlif tədbirlər keçirilmişdir. Dövlət orqanları, ictimai birliklər, təhsil müəssisələri və gənclər təşkilatları tərəfindən suverenliyin mahiyyətinə, onun qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərinə həsr olunmuş konfranslar, forumlar və sərgilər təşkil edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan keçən dövrün nəticələri dəyərləndirilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilmişdir. Tədris müəssisələrində, dövlət idarələrində və ictimai strukturlarda maarifləndirici tədbirlər, müzakirələr və elmi konfranslar təşkil olunmuş, Konstitusiyanın hər bir vətəndaşın həyatındakı rolu və əhəmiyyəti geniş şəkildə təbliğ edilmişdir. Bu il həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığı bir dövr kimi yadda qalmaqdadır. Dövlətimizin xarici siyasəti müstəqil və balanslaşdırılmış şəkildə davam etdirilmiş, bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişlənmişdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri isə Azərbaycanın güclü, qətiyyətli və müstəqil siyasətinin təzahürüdür.
Bütün bu nailiyyətlər xalqımızın birliyinin, dövlət başçısının uzaqgörən siyasətinin və Azərbaycanın gələcəyə inamla addımlamasının göstəricisidir. Bu ilin bizim üçün əhəmiyyəti təkcə görülən işlərdə deyil, həm də formalaşan milli həmrəylik ruhunda, gələcəyə olan inamda öz əksini tapır. Azərbaycan xalqı bu mühüm tarixi mərhələdə dövlətçilik ənənələrinə sadiq qalaraq, suveren, güclü və müasir dövlət quruculuğu yolunda əzmlə irəliləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB