"Dil və elm milli dövlətçiliyin əsas dayaqlarıdır" - MÖVQE BİLDİRİLDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə akademiyada təşkil olunan yubiley tədbirindəki çıxışı, belə deyərdim ki, Azərbaycan elminin qarşısında duran vəzifələrin yenidən müəyyənləşdirilməsi və Azərbaycan alimlərinin üzərinə düşən məsuliyyətlərin aydın şəkildə göstərilməsi baxımından çox əlamətdar və məzmunlu hesab edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, tədbir zamanı ölkə başçısı həm 10 il əvvəl Akademiyanın 70 illik yubileyində səsləndirdiyi fikirləri xatırladaraq keçən dövr ərzində görülən işləri və hələ tam həll olunmamış məsələlərə xüsusi diqqət yetirmişdir: "Burada Azərbaycan dilinə dair məsələlər xüsusilə vurğulanmışdır. Dövlət başçısı ədəbi dildən uzaqlaşaraq dilimizə yad sözlərin gətirilməsinin milli kimliyimiz və dövlətçilik üçün zərərlərindən danışmış, 50 milyonluq Azərbaycan xalqına və dünyaya çatdırmışdır ki, Azərbaycan dili bu millətin dilidir və onun qorunması müstəqil Azərbaycan Respublikasının üzərinə düşən vacib vəzifədir. Cənab Prezident çıxışında Azərbaycan elmi üçün yeni yanaşmaların vacibliyini də diqqətə çatdırmışdır. Belə ki, Azərbaycan elmi artıq yalnız nəzəri biliklərlə kifayətlənməməli, müasir dünya elmi ilə iqtisadiyyat arasında inteqrasiyanı təmin etməlidir. Elmi nailiyyətlər iqtisadiyyata tətbiq olunmalı, ölkə əhalisinin rifah halını yaxşılaşdırmalı və yeni elmi tutumlu sənayelərin yaradılması ilə iqtisadiyyatın şaxələnməsinə töhfə verməlidir. Eyni zamanda, dünyada tələbatın artdığı hərbi sənayeyə Azərbaycan alimlərinin diqqət yetirməsi, ölkədə müdafiə sənayesi məhsullarının istehsalının təşviqi vurğulanmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında aparılan geoloji axtarışların yaxın zamanlarda ölkəmiz üçün xoş xəbərlər gətirəcəyi bildirilmişdir.

Bu çıxış Azərbaycan elminin üsulları və alimlər qarşısında duran yeni vəzifələri aydın şəkildə göstərmişdir. İnşallah, yaxın zamanda həm Akademiya, həm də müvafiq dövlət qurumları tərəfindən elmin inkişafına yönəlmiş yeni dövlət proqramlarının və yol xəritələrinin hazırlanmasına şahid olacağıq. Vacib məqamlardan biri də Azərbaycan iqtisadiyyatında rəqəmsal texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsinin vacibliyidir. Beləliklə, cənab Prezidentin çıxışı Azərbaycan elminin qarşısında duran vəzifələri istiqamətlər üzrə dəqiq təhlil etmiş, gələcəkdə atılacaq addımların istiqamətini müəyyənləşdirmiş zəngin və məzmunlu bir çıxış olmuşdur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə