"8 Noyabr yeni reallıqların başlanğıcıdır" - MÖVQE BİLDİRİLDİ

"8 Noyabr müasir Azərbaycan tarixinin ən önəmli səhifələrindən biridir. Çünki bu tarix sadəcə bir qələbənin rəmzi deyil". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bu tarix həm də bir xalqın bir neçə imperial qüvvəyə qarşı 30 ilə yaxın apardığı mübarizənin tarixi köklərinə işıq salır: "Problemin 100, 150, 200 illik bir Qarabağ davasının, bir milli davasının qələbə ilə başa çatmasının simvoludur. 8 Noyabr sadəcə torpaqların geri alındığı tarix deyil. Millətin həm də özünə inam ruhunu, döyüş ruhunu, inkişaf ruhunu və müstəqillik ruhunu yenidən qazandığı, daha da gücləndirdiyi bir tarixdir. 8 Noyabr həm də birlik tarixidir. Bəlkə də Azərbaycan xalqı müstəqillik qazanması və onun bərpa edilməsini nəzərə almasaq, son 200 illik tariximizdə ən ciddi siyasi qələbə məhz xalqın birlik olduğu bir tarixin simvoludur.

Azərbaycan xalqı yumruq şəklində birləşmiş və bu yumruq düşmən üzərinə sipər, qalxan və qılınc kimi dəymişdir. Bu tarix yalnız Ermənistan üzərində qələbəni simvolizə etmir. Bu, Azərbaycanın Rusiya, İran, Fransa kimi imperialist qüvvələrin regiondakı maraqlarını alt-üst edəcək və Qafqazın geosiyasi həyatında ciddi dəyişikliklər yaradacaq bir hadisədir. Bu, status-kvonun dəyişdirilməsi və yeni reallıqların formalaşmasını təmin edən bir tarixdir.

8 Noyabr həm də inkişaf üçün təməl olacaq. Qarabağın azad edilməsi yalnız simvolik olaraq torpaqlarımızın geri alınması və birlik mesajı verməklə qalmır. Eyni zamanda gələcəyə yeni perspektivlərdən baxmaq üçün yeni reallıqlar yaradır, yeni fürsətlər qapısını açır. Qarabağ həm havası, suyu, torpağı və sərvətləri, həm də strateji və coğrafi mövqeyi ilə Azərbaycan dövlətinin inkişafını möhkəmləndirəcək bir fürsət məkanıdır. Yaxın zamanlarda bunun bütün sahələrdə, xüsusən də daxili istehsalın inkişafında öz əksini tapacağı gözlənilir. Beləliklə, 8 Noyabr həm ölkəmizin daxili inkişafını, həm də müstəmləkəçi qüvvələrə qarşı mübarizənin qələbə simvolunu təşkil edir. Yeni geosiyasi reallıqlar yaradaraq Azərbaycanın bölgədə əsas dövlət olduğunu təsdiqləyir və dünya siyasətində yeni yanaşmalarla təmsil olunmağımızı təmin edən geosiyasi hadisədir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə