Zəfərin kölgəsində – Qürurun və kədərin birləşdiyi gün

8 Noyabr - bu tarix hər bir azərbaycanlının yaddaşına həkk olunub. Bu, yalnız qələbə günü deyil, həm də min illərin həsrətinin, minlərlə şəhidin qanı ilə yazılmış bir haqqın bərpa olunduğu gündür.

Bu günün adı “Zəfər” olsa da, onun kölgəsində həm sevinc, həm də nisgil var. Çünki azadlıq heç vaxt asanlıqla qazanılmır, torpaq heç vaxt qansız geri alınmır. Qarabağ - bu xalqın ürəyidir. O ürək illərlə yaralı idi. O yaradan sızlayan xalq susdu, amma heç vaxt unutmadı. Hər bayramda, hər mərasimdə, hər dua anında o həsrət bir küncdə qaldı. “Bir gün dönəcəyik” - bu inam nə vaxtsa az qala bir xəyala çevrilmişdi, amma xalq o xəyaldan əl çəkmədi. O inam torpağa çevrilmiş şəhidlərin ruhunda, ön cəbhədə dayanmış əsgərin qəlbində, evladını vətən üçün qurban verən anaların göz yaşında yaşayırdı.

2020-ci ilin payızı xalqın iradəsini, ordumuzun qəhrəmanlığını, Ali Baş Komandanın qətiyyətini birləşdirdi. 44 gün ərzində Azərbaycan ordusu yalnız torpaqları azad etmədi, həm də bir millətin onurunu, ləyaqətini, inamını bərpa etdi.

Bu Zəfər yalnız hərbi qələbə deyildi – bu, tarix qarşısında ədalətin bərpası idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı sükutda böyüyür, amma səbrinin sonunda fırtına kimi qalxmağı bacarır. Lakin bu qələbənin qiyməti ağır idi. Hər bir azad edilən kəndin, hər bir yüksələn bayrağın arxasında bir ömür dayanır. Hər şəhidin adı bir ulduz kimi səmanın bir parçasına yazılıb. Biz bu gün sevinirik, amma sevincimizin içində bir sükut da var. Çünki bu zəfərin arxasında qalan minlərlə ocaq sönməz, minlərlə ana gecələr o səssiz fotoşəkillərlə danışar.

Zəfər Günü – təkcə qələbə deyil, həm də şəhidlərin xatirəsinə hörmət günüdür. Qürurla kədərin qovuşduğu bir gündür. Qarabağ azaddır, amma o torpaqda hələ də şəhidlərin ruhu addımlayır. Hər dağ, hər bulaq, hər daş bir hekayə danışır. O hekayələrdə qəhrəmanlıqla bərabər nisgil də var - yarım qalan arzular, gerçəkləşməyən xəyallar, amma həm də dirçələn bir ümid.

Bu gün o torpaqlarda yenidən həyat başlayır - məktəblər tikilir, yollar çəkilir, azan səsi dağlarda yenidən eşidilir. Bəli, biz qayıtmışıq. Amma bu qayıdışın mənəvi yükü illərlə daşınacaq. Zəfər - təkcə torpağın azadlığı deyil, həm də bir xalqın ruhunun dirçəlişidir. Bu gün hər bir azərbaycanlı bu qürurun daşıyıcısıdır. Şəhidlərimizin ruhu qarşısında baş əyib, eyni zamanda gələcəyə daha inamla baxırıq. Çünki bu zəfər bizə təkcə torpaq deyil, həm də bir millətin özünə olan inamını qaytardı.

Bəli, bu gün biz həm sevinirik, həm də susuruq. Çünki o səssizlikdə şəhidlərin ruhu danışır. Onlar bizə deyir: “Bu torpaq sizindir, amma onu yaşatmaq sizin borcunuzdur”.

Vətən uğrunda verilən canların müqəddəsliyini yaşatmaq, azad torpaqlarda ədaləti, birliyi və ləyaqəti qorumaq - bu, hər birimizin vəfa borcudur. Zəfərin kölgəsində yaşamaq həm məsuliyyət, həm də şərəfdir. Qələbə gününü bayram kimi qeyd etmək gözəldir, amma onu unutmamaq, dəyərini yaşatmaq daha vacibdir.

Çünki Zəfər – xalqın yaddaşında bir gün deyil, bir taledir.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə