"Azərbaycan–Türkiyə münasibətləri müstəqilliyin bərpasından bu günə qədər daim inkişaf edən və bütün dünyaya örnək ola biləcək münasibətlər sisteminə çevrilmişdir. Hər dəfə düşünürsən ki, artıq münasibətlər daha da inkişaf edə bilməz, lakin zaman keçir və görürsən ki, əlaqələr daha da dərinləşir, yeni sahələr üzrə əməkdaşlıqlar yaranır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
Onun sözlərinə görə, hazırda bu münasibətlər ənənəvi istiqamətlərlə yanaşı, yeni sahələrdə də inkişaf edir: "Diqqətçəkən məqam odur ki, Azərbaycan və Türkiyənin xarici siyasətləri bir-birindən ayrılmaz şəkildə formalaşır. Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya regionlarında iki ölkənin atdığı addımlar əksər hallarda üst-üstə düşür və tərəflər bir-birini anlayan, dəstəkləyən strateji tərəfdaşlara çevriliblər. Bu yaxınlıq o qədər dərindir ki, çox zaman tərəflər öncədən bilirlər hansı addım hər iki dövlətin maraqlarına xidmət edir. Artıq bu münasibətləri yalnız siyasi əməkdaşlıq kimi deyil, səmimi dostluq və qardaşlıq münasibətləri kimi qiymətləndirmək lazımdır.
Belə münasibətlərin formalaşması asan baş vermir. Sadəcə eyni millətin nümayəndəsi olmaq bu münasibətlərə zəmanət vermir – bunu digər ölkələrin təcrübəsindən də görmək mümkündür. Azərbaycan–Türkiyə əlaqələrinin bu qədər sağlam əsaslar üzərində qurulması və qarşılıqlı etimadla möhkəmlənməsi olduqca dəyərlidir.
Bununla yanaşı, hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının inteqrasiyasını hədəfləyir. Əgər bu təşkilat güclü beynəlxalq aktora çevrilərsə, bu, yalnız türk dövlətləri üçün deyil, həm də onlarla əməkdaşlıq etmək istəyən digər xalqlar üçün yeni imkanlar yaradacaq. Bu proses təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə ciddi töhfələr verəcək.
Azərbaycan və Türkiyə qarşılıqlı dəstəyi hər zaman nümayiş etdiriblər. Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi qəti dəstək, eləcə də 6 fevral zəlzələsindən sonra Azərbaycanın göstərdiyi yardımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin “Burada Türkiyə yoxdur, amma mən buradayam” sözləri bu münasibətlərin mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bu münasibətlərin qarşısında yeni çağırışlar da mövcuddur – texnologiya, iqtisadiyyat, süni intellekt və dəyişən qlobal nizam fonunda tərəflər birgə fəaliyyət göstərməli, təcrübə və bilik mübadiləsini daha da gücləndirməlidirlər. Mədəni əlaqələr də öz axarında inkişaf edir. Oxşar adət-ənənələr, yaşam tərzi və ortaq dəyərlər bu birliyi daha da möhkəmləndirir. Gözlənilir ki, Azərbaycan–Türkiyə münasibətləri mövcud uğurlar üzərində daha da inkişaf edəcək və qarşıdakı illərdə yeni uğur səhifələri yazılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170