14 iyul 1969-cu il - intibah və inkişafın başlanğıcı

Müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.

Dahi şəxsiyyət 56 il əvvəl möhkəm təməlini qoyduğu milli inkişaf platformasını gerçəkləşdirməklə adını Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazdırdı. 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Bu tarix Azərbaycanın gələcəyinə işıq saçan, milli dirçəlişin əsasını təşkil edən hadisələrin başlanğıcını qoydu. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir”.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində bütünlüklə yeni mərhələyə başlanıldı, respublikamızda əsaslı intibah prosesinə start verildi. Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. 1969-cu ilədək SSRİ-nin tərkibində bütün sahələr üzrə geridə qalmış respublikalar sırasında olan Azərbaycanın inkişafı istiqamətində sistemli addımlar atıldı. Sənaye müəssisələrinin yaradılması, xüsusilə də neft sənayesinin inkişaf etdirilməsi, yeni istehsalat sahələrinin yaradılması, nəhəng tikinti-quruculuq işlərinin həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan verdi.
Həmin dövrdə bütün çətinliklərə baxmayaraq Azərbaycanda peşəkar hərbçilərin yetişdirilməsi sahəsində ciddi addımlar atıldı. Peşəkar və milli kadrların yetişdirilməsi diqqət mərkəzində saxlanıldı. Azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı. Xüsusilə də, milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Ulu Öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, qırx dörd günlük Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz qəhrəmanlıqlar göstərdilər.
1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsinin daxil edilməsi isə böyük mənəvi, siyasi və ideolji əhəmiyyətə malik idi. Bu, həm ana dilinin mühafizəsi və təbliği, həm də azərbaycançılığın təşviqi baxımından böyük önəm daşıyırdı. Ulu Öndər deyirdi ki, ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığını təsdiq edən başlıca amildir. Ona görə də bu istiqamətdəki fəaliyyətində Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmişdir.
Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, yüksək inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Bu mərhələdə həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görüldü. Ümummilli Liderimizin qeyd etdiyi kimi: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.
Bu gün ölkəmizdə qazanılan uğurların təməlində Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır. Cənab Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən yüksək zirvələrə yüksəldir. Müstəqil Azərbaycan hazırda dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır.
Ümumiyyətlə, bugünkü qalib və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin möhtəşəm təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsi nəticəsində əsası qoyulan intibah kursu bu gün də uğurla davam etdirilir və Azərbaycanın gələcək yüksəlişinə zəmin yaradır.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə