Silahlı Qüvvələr Günü: Müstəqillik və güclü dövlətin rəmzi

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur mənbəyi olan Müzəffər Ordumuzun yaradılmasının təntənəli şəkildə qeyd olunduğu mühüm bir tarixdir. Bu gün həm də, bizim üçün müstəqil Azərbaycanın güclü və peşəkar ordusunun formalaşmasında əldə edilən uğurların, dövlətimizin hərbi sahəyə verdiyi diqqət və qayğının simvoludur. Hər il bu əlamətdar tarixdə ölkəmizin hərbçiləri, onların qəhrəmanlığı və vətənə sədaqəti xüsusi ehtiramla xatırlanır, Silahlı Qüvvələrin keçdiyi şərəfli yol və qazandığı nailiyyətlər cəmiyyətə bir daha təqdim olunur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tarixi inkişaf yolu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1969-cu ildə onun Azərbaycan rəhbərliyinə gəlişindən sonra hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Bu dövrdə ölkəmizdə güclü və peşəkar zabit kadrlarının formalaşması üçün mühüm addımlar atıldı.

1971-ci ildə böyük zəhmətlə yaradılmış Cəmşid Naxçıvanski adına hərbi lisey, bu sahədə atılan mühüm addımlardan biri idi. Həmin məktəb Azərbaycanda nəinki hərbi təhsilin əsasını qoydu, eyni zamanda gənclərdə hərb sənətinə marağı artırdı. Eyni zamanda, Ulu Öndərin təşəbbüsü ilə azərbaycanlı gənclərin müxtəlif hərbi ali məktəblərə, o cümlədən SSRİ-nin qabaqcıl hərbi tədris ocaqlarına qəbuluna şərait yaradıldı.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin ağır vəziyyətdə olduğu, ordunun nizamsız və pərakəndə olduğu dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Silahlı Qüvvələrin formalaşdırılmasında yeni mərhələyə keçid baş verdi. Onun rəhbərliyi ilə nizami ordu quruculuğuna başlanıldı, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edildi və orduya vahid komandanlıq gətirildi.

1994-cü ildə imzalanan atəşkəsdən sonra ordu quruculuğu sahəsində sistemli islahatlara start verildi. Silahlı Qüvvələrin maddi-texniki bazası gücləndirildi, hərbi qulluqçuların mənəvi və psixoloji hazırlığına xüsusi önəm verildi. Bu islahatlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.

Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun — Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün — Silahlı Qüvvələr Günü elan olundu və hər il rəsmi dövlət bayramı kimi qeyd olunur. Bu gün həm də Azərbaycan xalqının öz ordusuna olan inamının, vətənpərvərlik ruhunun və dövlətçilik iradəsinin təcəssümüdür.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin inkişaf tarixində peşəkar hərbi kadr hazırlığı mühüm yer tutur. Bu sahədə əsaslı dönüş nöqtəsi isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması olmuşdur. Akademiyanın təsis edilməsi hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılmasında yeni keyfiyyət mərhələsi idi. 2001-ci ildə imzalanan digər mühüm Fərmanla isə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi təhsil müəssisələri — Ali Hərbi Məktəb, Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbi kimi yenidən təşkil olundu və daha peşəkar tədris strukturlarına çevrildi.

Ordu quruculuğu sahəsində beynəlxalq təcrübənin tətbiqi də unudulmaz liderin strateji siyasətinin ayrılmaz hissəsi idi. 1990-cı illərin ortalarından etibarən Azərbaycanın NATO ilə əməkdaşlığa başlaması Silahlı Qüvvələrin təkmilləşdirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına güclü təkan verdi. “Sülh naminə tərəfdaşlıq” proqramından “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qədər bir sıra təşəbbüslərdə iştirak edən Azərbaycan hərbçiləri dünyanın müxtəlif bölgələrində — Kosovoda, Əfqanıstanda, İraqda sülhməramlı missiyalarda iştirak etməklə beynəlxalq təcrübə qazandılar.

Bütün bu islahatlar və təşəbbüslər nəticəsində Azərbaycan Ordusu həm milli, həm də beynəlxalq səviyyədə etibarlı və peşəkar hərbi quruma çevrildi.

Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi andan etibarən ölkəmizin ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Prezident İlham Əliyev bu məqsədə nail olmaq üçün diplomatik, siyasi və hüquqi vasitələrlə yanaşı, hərbi gücün də vacibliyini nəzərə alaraq, hər bir istiqamətdə məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirmiş, görülən bütün işləri şəxsən nəzarətdə saxlamışdır.

Qələbəyə aparan əsas amillərdən biri güclü, müasir texnologiyalarla təmin olunmuş, sarsılmaz və çevik ordunun mövcudluğudur. Məhz bu səbəbdən, Azərbaycan dövləti ordu quruculuğuna hər zaman xüsusi önəm vermişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə Hərbi Sənaye Kompleksi yaradılmış və bu sahədə mühüm addımlar atılmışdır.

Azərbaycan Ordusunun artan gücü 2011-ci il iyunun 26-da Bakıda keçirilən təntənəli hərbi paradda nümayiş etdirilmişdir. Bu tədbir həm Silahlı Qüvvələr Günü, həm də dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilmişdi və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə baş tutmuşdu.

Ordumuzun döyüş qabiliyyəti və əzmi 2016-cı ilin Aprel döyüşlərində bir daha sübut olundu. Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Füzuli, Cəbrayıl və Tərtər rayonlarında yerləşən 2000 hektardan artıq ərazini işğaldan azad etdi. Bununla yanaşı, minlərlə hektar ərazi də nəzarətimizə keçdi. Aprel döyüşləri xalqımıza qələbə ruhunu yaşatdı və böyük Zəfərin başlanğıc nöqtəsi oldu.

Bu uğurların davamı kimi, 2018-ci ilin mayında Naxçıvanda həyata keçirilən Günnüt əməliyyatı nəticəsində 11 min hektardan çox ərazi və Günnüt kəndi işğaldan azad edildi. Əlahiddə Ümumqoşun Ordusu sərhədyanı mövqeləri irəli çəkərək daha əlverişli müdafiə mövqeləri əldə etdi və qarşıya qoyulan bütün hədəflərə uğurla çatdı.

2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan Azərbaycan Ordusu qısa müddət sonra xalqımıza tarixinin ən şanlı qələbəsini yaşatdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazandı. Bu Qələbə təkcə Azərbaycan hərb tarixinə deyil, həm də dünya hərb elminə yeni səhifə kimi daxil oldu.

Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını almaq məqsədilə genişmiqyaslı əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı və 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi.

Düşmənin tam məğlubiyyəti ilə nəticələnən müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli Bəyanatla başa çatdı. Həmin sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı.

Şanlı Qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanının iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi.

Paradda Azərbaycan Silahlı Qüvvələrinin müasir silah və texnikaları ilə yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən hərbi texnika və silah-sursatı da nümayiş etdirildi. Bu hərbi qənimətlər sonradan yaradılmış Hərbi Qənimətlər Parkında eksponat kimi yerləşdirilərək ictimaiyyətin ziyarətinə açıldı.

Qazanılmış bu möhtəşəm Zəfərlərdə, şübhəsiz ki, ordu quruculuğu sahəsində görülən məqsədyönlü işlərin, aparılan islahatların və yeni kadrların hazırlanması istiqamətində atılan addımların mühüm rolu olmuşdur.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq Azərbaycan dövləti lokal xarakterli antiterror tədbirlərinə başladı. Əməliyyat cəmi 23 saat davam etdi və nəticədə separatçılar təslim oldu, bölgədə Azərbaycanın suveren hakimiyyəti tam bərpa edildi. Bu, həm hərbi, həm də siyasi baxımdan əlamətdar hadisə idi. Antiterror tədbiri Azərbaycanın hüquqi və beynəlxalq öhdəliklərə əsaslanan haqlı mövqeyini təsdiqlədi və ərazisində qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoydu.

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək vətənpərvərlik ruhu təkcə hərbi uğurun deyil, eyni zamanda milli birliyin və dövlətçilik prinsipinə sarsılmaz bağlılığın simvoluna çevrildi. Fərari hallarının qeydə alınmaması, yaralı əsgərlərin döyüş meydanına qayıtmaq üçün göstərdiyi iradə və əzm, Azərbaycan əsgərinin ruh gücünün real göstəricisi idi. Bu mənəvi güc yalnız silahla deyil, ruhla da mübarizə aparmağın mümkün olduğunu sübut etdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən orden və medallar Vətən müharibəsində göstərilən qəhrəmanlıqların dövlət səviyyəsində tanınması və əbədiləşdirilməsi məqsədinə xidmət edir. “Zəfər” və “Qarabağ” ordenləri, 15 fərqli medalla təltif olunan minlərlə hərbçi və vətəndaş yalnız fərdi cəsarətin deyil, həm də milli bütövlüyün simvoluna çevrilib. Bu təltiflər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda Azərbaycanın müharibədəki haqlı mövqeyini və əzmkar mübarizəsini təsdiqləyən rəmzlərdir.

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən hərbi əməliyyatlar dünyanın nüfuzlu analitik dairələrinin diqqətini cəlb etdi. ABŞ-ın Milli Müharibə Kolleci, Pentaqon və digər qurumların rəyinə görə, Azərbaycan Ordusunun tətbiq etdiyi yüksək texnologiyalı, sürətli və koordinasiyalı əməliyyat modeli müasir müharibə anlayışını dəyişdirdi. Bu yanaşma artıq ali hərbi məktəblərin dərs proqramlarına daxil edilib.

2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı Azərbaycan-Türkiyə qardaşlığının, hərbi gücün və dövlət rəmzlərinin bir araya gəldiyi tarixi hadisə oldu. Paradda nümayiş olunan qənimət silahlar və işğaldan azad olunmuş torpaqlarda ucaldılan bayraqlar Azərbaycanın tarixi ədaləti bərpa etdiyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı isə regional güc balansında yeni dövrün başlandığını təsdiqlədi.

Azad edilmiş ərazilərdə salınan Zəfər və İşğal muzeyləri yalnız keçmişi xatırlatmaq üçün deyil, gələcək nəsillərə tarix dərsi vermək məqsədi daşıyır. Bu muzeylər, eyni zamanda, Azərbaycanın işğal və qəhrəmanlıq tarixini sənədləşdirən strateji yaddaş məkanlarıdır. Muzeylərdə nümayiş olunan eksponatlar Azərbaycanın 30 illik işğala son qoyduğu, qürurla ayağa qalxdığı bir dövrün canlı şahidlərinə çevrilir.

44 günlük müharibədə əldə edilən təcrübə, xüsusilə mürəkkəb relyef şəraitində effektiv döyüş qabiliyyəti tələb edən hallarda, çevik və yüksək hazırlıqlı komando birləşmələrinin zəruriliyini üzə çıxardı. Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan Komando hərbi hissələri müasir döyüş modelinə uyğun yeni strukturlar kimi Azərbaycan Ordusunun çevikliyini və adaptasiya qabiliyyətini artırır. Bu, həm regional təhlükəsizlik, həm də milli hərbi doktrinanın inkişafı baxımından strateji addımdır.

Müstəqil Azərbaycanın ordu quruculuğu strategiyası hərbi peşəkarlığın artırılması, döyüş qabiliyyətinin gücləndirilməsi və müasir müharibələrin tələblərinə uyğunlaşdırılmış struktur islahatları ilə müşayiət olunaraq, dövlətin milli maraqları və təhlükəsizlik strategiyası ilə sıx uzlaşdırılır. Bu strateji kurs Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilir.

Prezident İlham Əliyevin 2021-ci il 24 dekabr tarixində Xocavəndin Hadrut qəsəbəsindəki çıxışı ilə elan etdiyi Komando briqadalarının yaradılması, Azərbaycan Ordusunun çevik və peşəkar hərbi əməliyyat qüvvələrinə sahib olduğunu bir daha nümayiş etdirdi. Bu xüsusi təyinatlı birliklər “istənilən tapşırığı yerinə yetirmək iqtidarında olan” elit qüvvə kimi formalaşdırılır və yüksək səviyyəli döyüş hazırlığı, mənəvi ruh və texnoloji imkanlarla təchiz olunurlar.

Komando hissələrinin komplektləşdirilməsi ciddi seçim və hazırlıq mərhələlərini əhatə edir. Hərbi qulluqçular “Görünmədən görmək, ölmədən dönmək” şüarı altında keçirilən çoxşaxəli ixtisas kurslarını uğurla başa vurduqdan sonra bu ada layiq görülürlər. Onlar müxtəlif relyef və hava şəraitində - dağlıq ərazilərdən tutmuş suüstü və şəhər döyüşlərinə qədər - geniş əməliyyat ssenarilərində fəaliyyət göstərə bilirlər.

Komando hərbi hissələrinin yaradılması, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılmış təcrübənin nəticəsi olaraq meydana çıxmışdır. 2023-cü il iyunun 23-də Prezident İlham Əliyev bu hərbi hissələrdən birində yaradılmış şəraitlə tanış olmuş, hərbi hissəyə Döyüş Bayrağını təqdim edərək Komando Qüvvələrinin strateji əhəmiyyətini bir daha vurğulamışdır. Bu proses təkcə Müdafiə Nazirliyini deyil, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və təhlükəsizlik qurumlarını da əhatə edən ümumrespublika hərbi gücləndirmə siyasətinin tərkib hissəsidir.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması məqsədilə 2022-ci ildə təsis olunan Milli Müdafiə Universiteti, hərbi təhsilin idarəolunmasında keyfiyyətcə yeni mərhələ yaradıb. Bu ali təhsil platforması vasitəsilə ordu üçün hərbi idarəetmə, elmi tədqiqat və döyüş hazırlığı sahələrində ixtisaslaşmış kadrların yetişdirilməsi təmin olunur. Silahlı Qüvvələrin Hərbi Akademiyasının bazasında yaradılan Hərbi Elmi-Tədqiqat və Hərbi İdarəetmə institutları, eləcə də Heydər Əliyev adına Hərbi İnstitut ordu elitasının formalaşmasında əsas rol oynayır.

Bu proseslər Azərbaycan Ordusunun təşkilati-ştat strukturunun optimallaşdırılması, əməliyyat idarəçiliyinin modernləşdirilməsi və çevik müdafiə gücünə çevrilməsi ilə müşayiət olunur.

Azərbaycanın ordu quruculuğunda əsas strateji tərəfdaşlarından biri, şübhəsiz ki, Pakistandır. İki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq planı regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Pakistanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, hərbi sahədə də konkret nəticələrlə müşayiət olunur.

2023-cü il 14 dekabr tarixli Prezident Fərmanı ilə hərbi təhsilə marağın artırılması və orduya yüksək hazırlıqlı kadrların cəlbi məqsədilə mühüm addımlar atılıb. Bakı, Gəncə və Naxçıvan hərbi kolleclərinin yaradılması ilə yanaşı, kursantlara birdəfəlik və aylıq maddi stimullar, zabit kimi məzun olduqdan sonra güzəştli ipoteka imkanları da nəzərdə tutulub. Bu tədbirlər ordu kadrlarının sosial müdafiəsinin gücləndirilməsinə və cəmiyyətin orduya inteqrasiyasına yönəlmiş strateji təşəbbüslərdir.

Azərbaycanın hərbi-strateji konsepsiyası çoxşaxəli və davamlı islahatlar üzərində qurulub. Komando briqadalarının yaradılması, peşəkar kadrların hazırlanması, milli müdafiə sənayesinin inkişafı və beynəlxalq hərbi tərəfdaşlıqlar ölkənin hərbi təhlükəsizlik mühitini sabit və çevik saxlayır. Bu güclü ordu – yalnız dövlətin müdafiəsi deyil, həm də regionun sabitliyi və gələcək inkişafının təminatçısıdır.

Bu gün Azərbaycan Silahlı Qüvvələri öz peşəkarlığı, döyüş qabiliyyəti və müasir çağırışlara uyğun adaptasiya potensialı ilə təkcə ölkə daxilində deyil, regionda da mühüm güc amilinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, yeni hərbi konsepsiya və strateji tərəfdaşlıqlar Silahlı Qüvvələrimizi gücləndirməklə yanaşı, eyni zamanda Azərbaycan xalqının təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısı rolunu daha da möhkəmləndirir.

26 İyun – Silahlı Qüvvələr Günü hər bir vətəndaş üçün qürur günüdür. Bu gün biz orduda xidmət edən hərbçilərimizə dərin ehtiramımızı bildirir, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsini dərin hörmətlə yad edirik.

Güclü ordu, güclü dövlət deməkdir. Azərbaycanın Silahlı Qüvvələri bu gün də sabaha inamla irəliləyən qüdrətli və qürurlu dövlətimizin şərəf və ləyaqət simvoludur.

Ziyafət ƏSGƏROV

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə