"...Hər bir ölkə öz regionunda məsuliyyətli davranmalıdır" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan Prezidentinin Çinlə iki tərəfli münasibətlərə toxunması, təbii ki, siyasi, iqtisadi, mədəni əlaqələr, həmçinin regional və qlobal əməkdaşlıq məsələlərini əhatə edir. Bu məsələlərə diqqət yetirməsi Çin və Azərbaycan arasında artan ticarət dövriyyəsi, eləcə də siyasi əlaqələrdə müşahidə olunan dinamikanın, gələcəkdə daha yüksək səviyyəli əməkdaşlığa təkan verə biləcəyinə işarədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, burada yalnız iqtisadi və siyasi əlaqələrdən, yaxud mənəvi yaxınlıqdan danışmaqla kifayətlənmək olmaz.: "Eyni zamanda beynəlxalq təhlükəsizlik məsələsi də gündəmə gəlir. Çünki beynəlxalq təhlükəsizliyin təmin olunması üçün hər bir ölkə öz regionunda məsuliyyətli davranmalı və buna uyğun addımlar atmalıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsində bu məqamlara xüsusi olaraq toxunması da təsadüfi deyil. Xüsusilə, Çinin qlobal təhlükəsizlikdə oynadığı rol, Azərbaycanın regional və eyni zamanda qlobal təhlükəsizlikdə oynadığı rolun müqayisəli şəkildə təqdim edilməsi, iki ölkə arasında əməkdaşlığın yalnız ikitərəfli deyil, həm də beynəlxalq siyasət və təhlükəsizlik baxımından da əhəmiyyətli olduğunu göstərir. Bundan əlavə, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün əsas istiqamətlərindən biri olan Orta Dəhlizin Azərbaycandan keçməsi, Çinin Azərbaycana artan investisiyaları və Azərbaycan–Çin ticarət əlaqələrinin inkişafı kimi məsələlər də Prezidentin müsahibəsində ətraflı şəkildə yer alıb. Bütün bu amillər Azərbaycan ilə Çin arasında gələcək əməkdaşlığın daha da dərinləşəcəyindən xəbər verir. Əlaqələrin daha geniş və sistemli şəkildə inkişaf etdirilməsi üçün kifayət qədər perspektiv mövcuddur və bu istiqamətdə real şərait də formalaşıb. Azərbaycan artıq bu istiqamətdə konkret addımlar atır. Eyni zamanda, görünən odur ki, Çin də bu əməkdaşlığın inkişafında maraqlıdır. Çinin son dövrlərdə Azərbaycana qoyduğu investisiyaların həcminin artması da ikitərəfli əlaqələrin genişlənməsinin bariz göstəricisidir. Cənab Prezidentin çıxışlarında Çinin artan beynəlxalq nüfuzuna və qlobal siyasətdəki təsir gücünə toxunulması, Azərbaycan–Çin əlaqələrinin yaxın və uzaq perspektivdə daha da inkişaf edəcəyinə olan əminliyi artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə