Xocalı soyqırımın 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən məşhur isveçli diplomat Raul Vallenberq adına mərkəzi Stokholm meydanında faciə qurbanlarının xatirəsi ehtiramla anılıb. SİA xəbər verir ki, tədbir zamanı çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov Xocalı soyqırımının insanlığa qarşı ən qəddar cinayətlərdən biri olduğunu bildirərək, 613 günahsız azərbaycanlının amansız şəkildə qətlə yetirilməsi ilə nəticələnən faciənin dünyanın onlarca ölkəsi tərəfindən qətliam kimi tanındığını diqqətə çatdırıb.
“Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdi və bu tarixi qələbə sayəsində Azərbaycan xalqı gələcəyə daha da inamla irəliləyəcək”, - deyə səfir bildirib.
Tədbirin sonunda memorialın önünə əklil və soyqırımı qurbanlarını simvolizə edən daş abidələrin üzərinə qərənfillər düzülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə