Bu, Baydenin timsalında hüquq və ədalətə ciddi zərbədir - ŞƏRH EDİLDİ

“Prezident seçkilərindəki məğlubiyyətin təsirindən canlarını güclə qurtaran Demokratlar indi də prezident Co Baydenin oğlunu federal cinayətlərə görə əfv etməsindən təsirləniblər. Partiya üzvlərindən bəziləri Donald Trampı demokratiyaya təhdid kimi tənqid etməyə hazırlaşdıqları bir məqamda Baydenin anti-demokratik addım atması onları çox məyus edib. Komanda üzvləri bildiriblər ki, Bayden silah və vergi cinayətlərinə görə ittiham olunan oğlu Hunteri əfv etməklə ağılsızlıq edib. Məsələ burasındadır ki, 82 yaşlı prezident verdiyi açıqlamada oğlunun vergidən yayınma və federal silah alqı-satqı formasını saxtalaşdırma ittihamları ilə təqib edilməsinin siyasi motivli olduğunu bildirib. Buradan da açıq-aydın görünür ki, ABŞ demokratiyası, ədaləti, qanunları yalnız kağız üzərindədir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, bu, sonrakı prezidentlər tərəfindən sui-istifadə edilə bilən pis presedentdir: "Bayden amerikalıların ədliyyə sisteminin ədalətli və hamı üçün bərabər olduğuna inamını daha da aşındırdı. Şəxsi maraqlarını üstün tutdu. Bu əfv Amerika hökumətinə inamı sarsıtdı, başqalarını öz maraqlarına uyğun olaraq ədaləti əyməyə təşviq etdi. Bu, prezidentin öz mövqeyindən, gücündən qeyri-qanuni istifadə nümunəsidir. Bəzi demokratlar bunu “övladını sevən atanın hərəkəti" kimi təqdim etməyə çalışır. Amma, istintaq yekunlaşmamış, məhkəmənin hökmü verilməmiş əfv prosedurunun işə salınması Baydenin “yol üstə olması”ndan yaranan tələskənliyidir. Şübhəsiz ki, prezident Trampın indiki və ötən seçki kampaniyası zamanı məhkum edilmiş bir çox köməkçilərini, tərəfdaşlarını və dostlarını əfv etməsi asanlaşacaq. Çünki Baydenin timsalında presedent artıq mövcuddur. Bu, Baydenin timsalında hüquq və ədalətə ciddi zərbədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə