Azərbaycan səfiri etimadnaməsini Şri-Lanka Prezidentinə təqdim edib - FOTO

Noyabrın 28-də Azərbaycan Respublikasının Şri-Lanka Demokratik Sosialist Respublikasında yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Anura Kumara Dissanayakeyə təqdim edib. Səfirlikdən SİA-ya bildiriblər ki, paytaxt Kolombo şəhərində keçirilmiş rəsmi təqdimat mərasimindən sonra Prezident Anura Kumara Dissanayake səfirlə söhbət zamanı onu təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Şri-Lanka dövlətinin başçısına çatdırıb.

Prezident Anura Kumara Dissanayake minnətdarlığını bildirib, öz növbəsində onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Diplomat həmin gün Şri-Lankanın xarici işlər naziri Vijita Herat ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub, əlaqələrin daha da inkişafı üçün praktik addımların və nəticəyönümlü fəaliyyətlərin həyata keçirilməsi razılaşdırılıb.

Səfir həmsöhbətinə Azərbaycanın uğurla ev sahibliyi COP29-un nəticələri, o cümlədən ölkəmizin iqlim dəyişikliyi üzrə fəaliyyət gündəliyi və qlobal təşəbbüsləri barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə