Dayanıqlı gələcək üçün yeni nəsil hazırlamalıyıq - Finlandiyanın sabiq Prezidenti
Finlandiyanın sabiq Prezidenti Tarya Halonen COP29 çərçivəsində “Yaşıl gələcək üçün insan kapitalının artırılması” mövzusunda keçirilən tədbirdə çıxış edib. SİA xəbər verir ki, sabiq Prezident dayanıqlı gələcəyin təmin olunmasında təhsilin və insan hüquqlarının həlledici rol oynadığını vurğulayıb.
O, gənclərin cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu və onların səhiyyə, təhsil və digər insan hüquqlarına tam sahib olmalarının vacibliyini xüsusi qeyd edib.
“Hamı deyir ki, gələcək üçün məsuliyyət götürmək vacibdir. Mən isə deyirəm ki, artıq gənclərə bu gündən başlayaraq söz haqqı verilməlidir. Dayanıqlılıq yeni həyat tərzidir və buna görə də təkcə prezidentlər, hökumət rəhbərləri və nazirlər kifayət deyil. Universitetlər, sənaye, qeyri-hökumət təşkilatları və hər birimiz bu işdə iştirak etməliyik. Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün ölkələr dayanıqlılığın yeni həyat tərzi olduğunu qəbul ediblər”, - deyə Prezident dayanıqlılığın hər bir sahədə istər tibb bacılığı, istərsə də mühəndislik sahəsində vacibliyini vurğulayıb.
Finlandiyanın təhsil sahəsində tanınan bir ölkə olduğunu da xatırladan Prezident deyib ki, dayanıqlılıq təhsilinin əsasları evdən başlayaraq məktəbəqədər təhsildə və daha sonra mərhələ-mərhələ bütün təhsil səviyyələrində qoyulmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə