Azərbaycan-Tacikistan: qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə töhfə TƏHLİL

Prezident İlham Əliyev: “İkitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik”

Dünya dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlıq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindəndir. Son illərdə bir çox dünya dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Bu dinamika Azərbaycanın xarici siyasətində açıq şəkildə hiss olunur. Qeyd edək ki, Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu baxımdan, Tacikistanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri dövlətlərin etibarlı dost və tərəfdaş olduqlarını bir daha göstərir. Hər iki dövlətin aktual regional və beynəlxalq məsələlərdə mövqeləri eynidir.
DÖVLƏTLƏR ARASINDA ƏMƏKDAŞLIĞI ARTIRAN SƏNƏDLƏRİN İMZALANMASI
Səfər çərçivəsində mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"ni imzalayıblar. Eyni zamanda "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıbdır. Eyni zamanda "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş", "Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıbdır.
TARİXİ BAĞLAR
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin başçısının ötən il Tacikistana dövlət səfəri çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair 14 sənəd imzalanıb.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır.
Azərbaycan-Tacikistan mədəni əlaqələri də məhsuldarlığı ilə seçilir. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Belə ki, 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Mayın 20-də isə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistan Mədəniyyət Günlərinin açılışı olub. Paytaxtla yanaşı, Gəncədə də keçirilən mədəniyyət günləri çərçivəsində Bakıda Tacik Kino Günləri də təşkil olunub.
Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli, 1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. 2022-ci ildən əvvəl Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.
"YÜKSƏK SƏVİYYƏLİ TƏMASLAR MÜNTƏZƏM XARAKTER DAŞIYIR"
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Tacikistan Prezidentinin Azərbaycana bu dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. "Görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz Tacikistanda, Azərbaycanda tez-tez görüşürük. Mən ötən il bir neçə dəfə ölkənizə səfər etmişəm, həmçinin Sizin dəvətinizlə Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmişəm. Siz, həmçinin ötən il Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Zirvə toplantısı çərçivəsində ölkəmizdə səfərdə oldunuz. Beləliklə, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik." Bu fikirləri mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı bildirib.
Dövlət başçımız diqqətə çatdırıb ki, bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir: "Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb".
"TRANSXƏZƏR NƏQLİYYAT DƏHLİZİ AVROPA REGİONU VƏ MƏRKƏZİ ASİYA REGİONU ÜÇÜN GETDİKCƏ DAHA ÇOX ƏHƏMİYYƏT KƏSB EDİR"
"Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır" – deyə Azərbaycan Prezidenti bildirib: "Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir".
Məlumdur ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir.
Azərbaycan Prezidenti "Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır", - deyərək gündəliyimizin kifayət qədər geniş olduğunu bildirib: "Təkcə nümayəndə heyətlərinin tərkibi bizim hansı istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət göstərdiyimizdən xəbər verir. Əminəm ki, nəticələr də çox yaxşı olacaq və səfər faydalı, həmçinin xoş keçəcək".
Təbii ki, Tacikistan Prezidentinin Azərbaycana bugünkü səfəri və keçirilən görüşlər ölkələr arasında əməkdaşlığı yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bu gün əldə edilən razılaşmalar qardaş xalqların dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcəkdir.
İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə