"Prezident dünya trendlərinə uyğun olaraq kadr siyasəti həyata keçirir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Prezidenti İlham Əliyev dünya trendlərinə uyğun olaraq kadr siyasəti həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, hal-hazırda əvvəlki dövrdən fərqli olaraq kadrlar həm gəncləşib, həm də nisbətən menecment işlərini daha yaxşı bilirlər: "Çünki onların əksəriyyəti xaricdə təhsil alıblar. Amma müəyyən nisbət də olmalıdır. Nisbəti keçəndən sonra adətən milli dəyərlər dəbdən düşür. Hal-hazırda daha çox xaricdə oxuyub gələnlər bir növ yerdəki adamları bəyənmir. Bu, yaxşı olmayan tendensiyadır. Xaricdə oxuyanların da arasında rəqabətin olması yaxşıdır. Amma bu şəkildə, səhv istiqamətdə getməsi yaxşı deyil.

Cənab Prezidentin kadrlarında həm orta nəsil, həm də gənc nəslin nümayəndələri var. Özünü kifayət qədər təsdiq edən çox güclü kadrlarımız var. Prezidentin köməkçilərindən Anar Ələkbərov, Hikmət Hacıyev çox peşəkardırlar. Baş prokurorun müavinləri cavandır. Burada təkcə xaricdə oxuyanlar yox, daxildə oxuyanlar da önə çəkilir. Gömrük Komitəsinin sədri, birinci müavini də kifayət qədər yaxşı kadr tərəfdən özünü göstərə bilib. Gənclər daha çox önə çəkilir.

Azərbaycan gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Fevralın 2-si "Gənclər Günü" elan olunub. Azərbaycanda gənclərin önə çəkilməsi Azərbaycan gələcəyi üçün çox önəmli məsələdir. Bu, yeni istiqamətdir. İlham Əliyev də Ümummilli liderin qoyduğu siyasəti davam etdirir. Ona görə də bu sahədə işlərimiz yaxşı gedir".

Onun sözlərinə görə, xaricdə təhsil alanlarla, Azərbaycanda təhsil alanların arasında çox ciddi fərq var: "Azərbaycan təhsil sahəsində çox ciddi islahatlara getməlidir. Düzdür, Elm və Təhsil Nazirliyi yaranıb. Onların hamısı biznes inzibatçılığı sahəsində olan mütəxəssislərdir. Xaricdə oxuyublar, amma onlar yerli təhsili bilmirlər. Bu sahədə çox ciddi problemlərimiz var. Nəzərə alsaq ki, Azərbaycanda qəbulun səviyyəsi çox aşağı enib. Universitetlərdə 25 ildir fasiləsiz dərs deyirəm. İldən-ilə tələbələrin səviyyəsi çox düşüb. Son 3-4 ildə tələbələrin səviyyəsi çox aşağıdır. Ancaq xüsusi təyinatlı, məsələn, Dövlət Gömrük Akademiyası, Dövlət Sərhəd Xidməti, Polis Akademiyası kimi yerlərdə çox yüksək peşəkar kadrlar yetişdirilir. Çünki orada rəqabət var, təhsil də yüksəkdir. ADA-da çox yüksək təhsil var. Amma ənənəvi olaraq universitetlərdə həm təhsilin, həm də müəllimlərin səviyyəsi aşağıdır. Çünki son illərdə bitirən gənclərimiz kifayət qədər aşağı ballarla daxil olurlar. Bu ənənəyə son qoymaq lazımdır. Ən pisi bir də odur ki, onlar müxtəlif kolleclərdən gəlirlər. Bu da mənfi nəticələri verməkdədir. Ona görə yaxşı olar ki, bu sahədə də çox ciddi islahat həyata keçirilsin".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə