“Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunur” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Bu gün Qaradağ rayonunun Qobu qəsəbəsində yaşayan 21 ailə olmaqla, 88 nəfərin Füzuli şəhərinə qayıdışı baş tutur. Artıq bu baş tutan növbəti köçlərdən biridir. Füzuli şəhərində böyük tikinti-quruculuq işləri sürətli şəkildə davam edir. Cari ilin avqust ayında cənab Prezident və Özbəkistan respublikası prezidentinin Füzuli şəhərinə səfərləri baş tutdu və dost ölkə Özbəkistan prezidentinin tapşırığı ilə orada tikilən məktəbin açılışı oldu. Həmin məktəbin yeni tədris ilindən fəaliyyətə başlaması da mühüm hadisədir. Həmçinin 2040-cı ilə qədər hədəflərin böyük olduğu və Füzuli şəhərində həmin ilə qədər 50 min nəfərin yaşaması nəzərdə tutulub. Yalnız tikinti işləri deyil, ora köçürülən əhalinin məşğulluq məsələsi ilə əlaqədar olaraq da müvafiq işlər həyata keçirilir. Bu da onu göstərir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, Prezidentin torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra həmin ərazilərə səfəri orada yenidənqurma işlərinin sürətləndirilməsinə öz müsbət təsirini göstərib: “Bu səfərlərdən biri də Füzuli şəhərinə olmuşdur. Bir neçə gündən sonra artıq 3 il tamam olacaq ki, Füzuli şəhəri və 60 kəndi erməni işğalından azad edilib. Həmin ərazilərdə artıq nəzərdə tutulan layihələr uğurla icra olunur. Bu layihələrdən biri də cənab Prezidentin tapşırığı ilə Füzuli Hava Limanı və Füzuli-Şuşa Zəfər yolunun istifadəyə verilməsi idi. Həmçinin digər yenidənqurma və bərpa layihələrinin də uğurla davam etdirilməsi Böyük Qayıdış proqramının nəzərdə tutulan plan üzrə aparıldığının göstəricisidir.

Böyük Qayıdışla bağlı proqram yalnız Füzuli şəhərində deyil, ümumilikdə işğaldan azad edilən bütün ərazilərdə davam etdirilir. Bu il həmin ərazilərə 2000 ailə, yəni 10000-dən artıq sakinin qayıdışının təmin edilməsi nəzərdə tutulmuşdur. Hansı ki, bu istiqamətdə də işlər uğurla icra olunur. Hətta ən ucqar rayonlarımızdan olan Kəlbəcərdə də yenidənqurma və bərpa işləri davamlı şəkildə həyata keçirilir. Prezidentin ərazilərə hər səfəri qayıdışla bağlı proqramın daha da sürətlənməsini təmin edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə