"Ermənistan vaxtaşırı Azərbaycanın fəaliyyətinə kölgə salmağa çalışır" - DEPUTAT BİLDİRDİ

"Ermənistanın Azərbaycanla bağlı yalanları artıq bir sistem halını alıb. Diplomatiya, ikitərəfli münasibətlərdə, ən əsası isə hərbi sahədə onlar vaxtaşırı Azərbaycanın fəaliyyətinə kölgə salmağa, yalan məlumatları tirajlamağa çalışırlar". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, məqsədləri isə özlərinin çirkin niyyətlərini ört-basdır etmək, Azərbaycanı Ermənistana güzəştlərə məcbur etməkdən ibarətdir: "Uzun illər bu, onlara müyəssər olub. Amma Azərbaycanın müstəqillik dövründə əvvəlcə Ulu Öndər Heydər Əliyev, indi isə cənab Prezidentin apardığı uğurlu siyasət nəticəsində bir dövlət kimi möhkəmlənməsi, suveren hüquqlarını yüksək səviyyədə müdafiə etməsi Ermənistanın istəklərini darmadağın etdi. 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımız işğaldan azad edildi. Azərbaycan beynəlxalq birlikdə özünün ərazi bütövlüyünü tanıda bildi".

Deputat sözlərinə davam edərək bildirib ki, Ermənistanın Azərbaycana olan iddialarının qarşısı həmişə alınır: "Bununla belə Ermənistan beynəlxalq hüquq normalarına hörmətlə yanaşmaq, normal qonşuluq münasibətləri qurmaq əvəzinə vaxtaşırı Azərbaycanla bağlı yalanlar yaymağa, özünün etdiyi hərəkətləri Azərbaycanın adına yazmağa çalışır. Hesab edirəm ki, Ermənistan müdafiə nazirliyinin yaydığı təxribat xarakterli yalan da bu qisimdən olan növbəti bir cəhddir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə