İsveçlə Finlandiyanın xəyalları suya düşdü

Rusiya-Ukrayna müharibəsi hər sahədə dünya tarazlığını dərindən sarsıtdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, enerji və təchizat zənciri kimi aparıcı məsələlər bir çox ölkəni əhatə edir. Bundan əlavə, xüsusilə Baltikyanı ölkələrdə əlavə təhlükəsizlik narahatlıqları pik həddə çatıb. Bu kontekstdə İsveç və Finlandiya Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) çətiri altına girərək, gələcək illərdə mümkün Rusiya təhlükəsinə qarşı qorunmaq istəyir. Təbii ki, bunun üçün onlar bütün üzv dövlətlərin razılığını almalıdırlar. Bu günə qədər Türkiyə və Macarıstan istisna olmaqla, NATO üzvləri lazımi razılığı verib. Macarıstanın da yaxın günlərdə eyni istiqamətdə addımlar atacağı gözlənilir. Türkiyə isə qanuni təhlükəsizlik problemlərinə görə sözügedən dəstəyi verməyib və yaxın gələcəkdə də verəcəyi gözlənilmir. Çünki 2022-ci il iyunun sonunda NATO-nun baş katibi Stoltenberqin iştirakı ilə Madriddə keçirilən görüşdə Türkiyə-İsveç-Finlandiya arasında imzalanmış üçtərəfli memorandumun tələbləri yerinə yetirilməyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə