Bakı metropolitenində strateji addım: “Dərnəgül” elektrik deposu istismara verildi - FOTOLAR

Bakı metropolitenində strateji addım: “Dərnəgül” elektrik deposu istismara verildi - FOTOLAR

Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda inşaat işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt istismara verilib.

SİA xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin gələcək fəaliyyəti və sərnişin sıxlığının aradan qaldırılması üçün strateji əhəmiyyətə malik bu vacib infrastruktur layihəsi 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq həyata keçirilir. Depo tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas tikinti işlərinə 2025-ci ilin aprel ayından başlanılıb.

Yaşıl xəttə müstəqil xidmət və “Nərimanov” deposuna dəstək Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi sayılan “Dərnəgül” elektrik deposu bundan sonra müstəqil qaydada Yaşıl xəttə xidmət göstərəcək.

Depoda qatarların təmir-baxış və qulluğu, gecələməsi və müxtəlif texniki processeslərin icrası üçün müasir şərait qurulub ki, bu da hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun işini xeyli yüngülləşdirməyə imkan yaradacaq. Bununla yanaşı, deponun istismara buraxılması metropolitendə xidmət keyfiyyətinin artırılmasına və hərəkət intervallarının azaldılmasına zəruri təkan verəcək.

II mərhələ üzrə reallaşdırılan əsas göstəricilər:

• Ərazi və binalar: 16,5 hektar ərazini əhatə edən depoda 16 (avadanlıq daxil) xidmət obyektinin yaradılması nəzərdə tutulub. Mürəkkəb relyefə uyğun istinad divarları, inzibati bina və 2 mərtəbəli istehsalat emalatxanaları inşa edilib. Həmçinin zəruri xidməti və texniki otaqların inşası, habelə monolit döşəmə, fasad və üzləmlə işləri 100% tamamlanıb, kommunikasiya xətləri çəkilib.

• Yol və tunel infrastrukturu: Yaşıl xətti depo ilə birləşdirən 2100 metrlik tuneldə yolun üst quruluşu tam olaraq tikilmişdir. Tunel yolları “Bakı Metropoliteni” QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Depo ərazisində 18100 m³ yol yatağı qazılıb, 1700 ədəd dəmir-beton şpal düzülüb, 21 yoldəyişdirici, 21 ədəd R50 tipli yolayırıcı quraşdırılıb, 1365 m yerüstü park yolu salınıb.

• Təmir-baxış sahələri: Qatarların gecələr saxlanılması, baxışı və təmiri üçün nəzərdə tutulmuş 155 metr eni, 133 metr uzunluğunda olan Dayanma təmir korpusunun dəmir beton, dam örtüyü, fasad hissəsi tam olaraq tikilmişdir. Ümumilikdə 25 qanovdan ibarət Dayanma Təmir korpusunun ilk 3 qanovun uzunluğu 102 metr, 22 qanovun uzunluğu 107.2 metr olmaqla, ilk 12 qanovun inşası köməkçi işlər də daxil olmaqla tam olaraq başa çatdırılıb. Qanovlardan ilk 3 ədədi qaldırma-təmiri sahəsinə aiddir.

• Mühəndis qurğuları və kommunikasiya şəbəkəsi: 2 ədəd qazanxanada, eləcə də kompressor binasında əsas tikinti və montaj işləri yekunlaşıb və avadanlığın quraşdırılması başa çatdırılıb. Drenaj, kanalizasiya, zəruri elektrik və telekommunikasiya, o cümlədən 2000 m fiberoptik xətt və 10 170 m kabel trasları çəkilib. Depo ərazisi 3 mənbədən elektrik təchizatı qida mənbəyi ilə təmin edilib.

• Təhlükəsizlik və hərəkətin təşkili: Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçer idarəetmə mərkəzləşmə məntəqəsi inşa edilib.

Burada dizayn və memarlıq tərtibatı, avadanlıq və sistemlərin quraşdırılması hər mərhələnin tələblərinə uyğun davam etdirilir. Binada mərkəzləşmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və vidomüşahidə sahələri də yerləşəcək.

Depoda yerüstü stansiyanın inşaat işləri də davam etdirilir. Burada əsas bina və platforma sahəsinin dəmir beton işlərinin inşası tamamlanıb.

Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi ümumilikdə 3 mərhələdə həyata keçirilir. II mərhələnin tamamlanması Yaşıl və Qırmızı xətlərin ayrılmasına şərait yaradır. Belə ki, deponun istismara buraxılması nəticəsində xətlərin ayrılması layihəsi üzrə tikinti müddətində

“Dərnəgül–Nizami” mənzilində hərəkət edən qatarların təmir-baxış və qulluğu burada icra olunacaq.

Depoda III mərhələ üzrə işlər davam etdiriləcək, inşaat prosesinin və ərazidəki yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə