“Dezinformasiyaya qarşı mübarizə D-8 Media Mərkəzinin prioritetlərindəndir” - BAŞ KATİB

“Dezinformasiyaya qarşı mübarizə D-8 Media Mərkəzinin prioritetlərindəndir” - BAŞ KATİB

“Dezinformasiya və yanlış məlumatların qarşısının alınması, eyni zamanda süni intellekt də daxil olmaqla yeni texnologiyalardan etik və məsuliyyətli istifadənin təşviqi D-8 Media Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq”.

SİA xəbər verir ki, bu sözləri D-8 Təşkilatının Baş katibi Sohail Mahmud Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, Mərkəzin idarəetmə modeli milli koordinatorlar, Məşvərət Şurası, illik fəaliyyət planları və institusional hesabatlılıq mexanizmləri əsasında qurulacaq ki, bu da onun fəaliyyətinin şəffaf və səmərəli təşkilinə imkan verəcək.

Baş katib vurğulayıb ki, Mərkəzin uğuru bütün üzv dövlətlərin fəal iştirakı və əməkdaşlığından asılı olacaq. Onun sözlərinə görə, jurnalist və akademik mübadilələrin təşviqi, birgə tədqiqatlar, media innovasiyası layihələri və peşəkar hazırlıq proqramları bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edəcək.

Sohail Mahmud qeyd edib ki, gələcəkdə D-8 ölkələri üzrə rəqəmsal media bilik bazasının yaradılması, illik Media Təqaüd Proqramının təsis edilməsi, faktların yoxlanılması və rəqəmsal informasiya bütövlüyü üzrə əməkdaşlıq şəbəkəsinin formalaşdırılması da nəzərdən keçirilən strateji təşəbbüslər sırasındadır.

O əlavə edib ki, D-8 Katibliyi Azərbaycan və digər üzv dövlətlərlə sıx əməkdaşlıq edərək Media Mükəmməllik Mərkəzinin qısa müddətdə tam fəaliyyətə başlaması istiqamətində işlərini davam etdirəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə