"LinkedIn-dən istifadə üçün minimum yaş həddi 16-dır" - Seamus Clancy

"LinkedIn-dən istifadə üçün minimum yaş həddi 16-dır" - Seamus Clancy

“LinkedIn peşəkar şəbəkə platformasıdır. O, sosial media platforması deyil. Platforma etibar, şəffaflıq, istifadəçilərin həqiqiliyinin təsdiqlənməsi və məsuliyyət prinsipləri əsasında yaradılıb”.

SİA xəbər verir ki, bu fikirləri LinkedIn şirkətinin ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancy Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, LinkedIn-dən istifadə üçün minimum yaş həddi 16-dır və platforma uşaqlar və ya yeniyetmələr üçün nəzərdə tutulmayıb. Bu səbəbdən bəzi ölkələrdə sosial media ilə bağlı qəbul edilən qanunvericilik təşəbbüsləri LinkedIn-ə şamil edilmir.

Seamus Clancy qeyd edib ki, platformanın əsas məqsədi istifadəçilərin peşəkar inkişafına dəstək vermək, onların iş tapmasına, yeni əlaqələr qurmasına və təlim imkanlarından yararlanmasına şərait yaratmaqdır.

Onun sözlərinə görə, LinkedIn əmək bazarındakı tendensiyalar, bacarıqlara tələbat, miqrasiya prosesləri və işə qəbul dinamikası ilə bağlı real vaxt rejimində məlumatlar təqdim edir. Bu məlumatlar hökumətlər və biznes qurumları üçün strateji qərarların qəbulunda mühüm rol oynayır.

Seamus Clancy vurğulayıb ki, Azərbaycanda da son illər dövlət qurumları və şirkətlərin LinkedIn platformasına marağı artıb. O bildirib ki, hazırda bir sıra dövlət qurumları ilə enerji keçidi, yaşıl iqtisadiyyat və əmək bazarında tələb olunan bacarıqların müəyyənləşdirilməsi istiqamətində məlumatlara əsaslanan analizlər aparılır.

LinkedIn rəsmisi əlavə edib ki, platforma fərdlər və təşkilatlar üçün fərdiləşdirilmiş təlim və peşəkar inkişaf imkanları təqdim etməklə insan kapitalının inkişafına da töhfə verir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə