"Azərbaycanda TikTok-dan 600 min video silinib" - Diana Ryan

"Azərbaycanda TikTok-dan 600 min video silinib" - Diana Ryan

“Bu gün Bakıda son gecəmdir və bu, mənim bu regiona ilk səfərimdir. Səmimi deyə bilərəm ki, Azərbaycana vuruldum və gələcəkdə mütləq turist kimi yenidən buraya qayıtmaq istəyirəm”.

SİA xəbər verir ki, bu fikirləri “TikTok”un Şərqi Avropa üzrə ictimai siyasət və dövlət qurumları ilə əlaqələr direktoru Diana Ryan Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, TikTok-dan hər gün 1 milyarddan çox insan yeni ideyalar kəşf etmək, bacarıqlar öyrənmək, yaradıcılığını ifadə etmək və digər insanlarla əlaqə qurmaq üçün istifadə edir. Onun sözlərinə görə, bütün bunların əsasında istifadəçi etimadı dayanır.

Diana Ryan qeyd edib ki, platformanın təhlükəsizlik siyasəti üç əsas prinsipə əsaslanır: ciddi İcma Qaydalarının tətbiqi, istifadəçilərə öz onlayn təcrübələrini idarə etmək üçün alətlərin təqdim olunması və media savadlılığına investisiya qoyulması.

O vurğulayıb ki, TikTok-a yüklənən bütün məzmun həm süni intellekt texnologiyaları, həm də peşəkar moderatorlar tərəfindən yoxlanılır. Daha mürəkkəb halların isə etibar və təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən qiymətləndirildiyini bildirib.

TikTok rəsmisi əlavə edib ki, platformada məzmun 70-dən çox dildə moderasiya olunur və Azərbaycan dili də bu siyahıya daxildir. O, şəffaflığın fəaliyyətlərinin əsas prinsiplərindən biri olduğunu qeyd edərək, İcma Qaydalarının tətbiqi ilə bağlı hesabatların mütəmadi dərc edildiyini bildirib.

Diana Ryanın sözlərinə görə, bu ilin birinci rübündə Azərbaycanda TikTok platformasından qaydaları pozduğu üçün 600 mindən çox video silinib.

Bütün xəbərlər Facebook səhifəmizdə