“Süni intellekt dövründə məlumatı yoxlamaq həyati əhəmiyyət daşıyacaq” - Dr. Karen Sutherland
Avstraliyadan bura gəlmək uzun yol olsa da, burada olmaqdan böyük məmnunluq duyuram.
SİA xəbər verir ki, bu fikirləri Dharana Digital and AI şirkətinin direktoru, sosial media üzrə tədqiqatçı və müəllif Dr. Karen Sutherland Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı səsləndirib.
O bildirib ki, süni intellektin sürətli inkişafı həqiqi və saxta məlumatı ayırd etməyi getdikcə çətinləşdirir. Onun sözlərinə görə, deepfake videolar, saxta səs yazıları və süni intellekt vasitəsilə həyata keçirilən dələduzluq halları ciddi risklər yaradır.
Dr. Karen Sutherland qeyd edib ki, süni intellekt məhsuldarlığı artırsa da, kiberdələduzlar da bu texnologiyalardan istifadə edərək etibarlı görünən fırıldaq sxemləri qururlar. O, Avstraliyada dövlət qurumlarından birinin saxta elektron məktub nəticəsində 2 milyon Avstraliya dolları məbləğində zərərə məruz qaldığını xatırladıb.
Tədqiqatçı vurğulayıb ki, bir çox təşkilatlarda süni intellektdən istifadə ilə bağlı daxili qaydalar və nəzarət mexanizmləri yetərincə formalaşmayıb. O əlavə edib ki, istifadəçilər bəzən məxfi məlumatları süni intellekt platformalarına daxil edir və əldə etdikləri məlumatları yoxlamadan paylaşırlar.
Dr. Karen Sutherland bildirib ki, sosial media platformalarının məsuliyyəti artırılmalı, süni intellektlə yaradılan məzmunun işarələnməsi geniş tətbiq edilməli, eyni zamanda istifadəçilərin rəqəmsal savadlılığı gücləndirilməlidir. Onun sözlərinə görə, gələcəkdə internetdə yayılan hər bir məlumatın doğruluğunu yoxlamaq zərurətə çevriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB