“Təhlükəsiz rəqəmsal mühit üçün əməkdaşlıq vacibdir” - Fərid Zeynalov

“Təhlükəsiz rəqəmsal mühit üçün əməkdaşlıq vacibdir” - Fərid Zeynalov

Aparılan araşdırmalar göstərir ki, rəqəmsal platformalarda rast gəlinən zərərli davranışların və təhlükəli məzmunun böyük hissəsi istifadəçi davranışları ilə bağlıdır. Buna görə də bu sahədə profilaktik tədbirlərin görülməsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

SİA xəbər verir ki, bu fikirləri Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel sessiyasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, rəqəmsal platformalarla tərəfdaşlıq münasibətlərinin qorunması və qarşılıqlı əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu platformaların daxili qaydalarına və fəaliyyət prinsiplərinə hörmətlə yanaşılır.

Fərid Zeynalov vurğulayıb ki, dövlət vətəndaşların, xüsusilə də uşaqların və yeniyetmələrin hüquq və təhlükəsizliyinin qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini dəstəkləyir və bu sahədə müvafiq təşəbbüslərlə çıxış edir.

Agentlik sədri qeyd edib ki, qəbul ediləcək qanunvericilik təşəbbüslərinin rəqəmsal platformalar tərəfindən də konstruktiv qarşılanacağına və bunun qarşılıqlı etimadla əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanır. O əlavə edib ki, bu yanaşma həm istifadəçilərin təhlükəsizliyinə, həm də rəqəmsal mühitin daha sağlam və məsuliyyətli inkişafına xidmət edəcək.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə