“Süni intellektin mediaya təsiri forumun əsas müzakirə mövzularından olacaq” - XARİCİ İŞTİRAKÇI

“Süni intellektin mediaya təsiri forumun əsas müzakirə mövzularından olacaq” - XARİCİ İŞTİRAKÇI

“Mən bu forumda artıq ikinci dəfə iştirak edirəm. Keçən il də dəvət almışdım və forumun işində iştirak etmişdim. Forumun mövzuları hər il dünyada baş verən aktual proseslərə və çağırışlara uyğun müəyyənləşdirilir”.

SİA xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert, Avropa və Asiya Araşdırmaları Mərkəzinin direktoru Andrey Rusakov deyib.

Ekspert bildirib ki, builki forumun əsas mövzularından biri süni intellektin media sahəsinə təsiri olacaq. Onun sözlərinə görə, süni intellekt vasitəsilə hazırlanan məzmunların həm ənənəvi mediada, həm də sosial şəbəkələrdə sürətlə yayılması yeni imkanlarla yanaşı, müəyyən risklər də yaradır. Bu səbəbdən forum çərçivəsində mövzu ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulur.

Andrey Rusakov qeyd edib ki, forumun rəsmi sessiyaları ilə yanaşı, ekspertlərin qeyri-rəsmi görüşləri də böyük əhəmiyyət daşıyır. O bildirib ki, bu görüşlər zamanı təcrübə mübadiləsi aparılır, yeni əməkdaşlıq imkanları müzakirə edilir və müxtəlif ölkələrdən olan mütəxəssislər arasında faydalı əlaqələr qurulur.

Ekspert vurğulayıb ki, forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı da iştirakçılar tərəfindən böyük maraqla gözlənilir. Onun fikrincə, dövlət başçısının regional və qlobal proseslərlə bağlı mövqeyi beynəlxalq ekspertlər üçün xüsusi əhəmiyyət kəsb edir.

Andrey Rusakov bildirib ki, Rusiya üçün Azərbaycanla əməkdaşlığın inkişafı mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Xəzər hövzəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və regional iqtisadi layihələr əsas müzakirə mövzuları sırasındadır. O, həmçinin Rusiya–Azərbaycan Regionlararası Forumunun keçirilməsinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.

Ekspert əlavə edib ki, regionda təhlükəsizlik məsələləri də forumun diqqət mərkəzində olacaq. O hesab edir ki, Yaxın Şərqdə və regionda baş verən geosiyasi proseslər fonunda Azərbaycanın regional sabitliyin və əməkdaşlığın təmin edilməsində rolu xüsusi əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə