"Bütün medianı əhatə edən vahid bir qurumun yaradılması dövrün çağırışlarına cavab verir" - ŞƏRH

"Bütün medianı əhatə edən vahid bir qurumun yaradılması dövrün çağırışlarına cavab verir" - ŞƏRH

"Bu gün qəzetlərimiz və jurnallarımız var, amma onlar əvvəlki dövrlərdə olduğu kimi populyar deyil. Yəni, öz əvvəlki təsir güclərini itiriblər. Əslində, bu gün fəaliyyət göstərən qəzetləri müəyyən mənada son cəhd kimi də qiymətləndirmək olar. Ona görə də təklif etmişdim ki, Mətbuat Şurası da yeni dövrün inkişaf meyillərinə uyğun olaraq adını dəyişsin və Media Şurası adlandırılsın". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Onun sözlərinə görə, bu, Mətbuat Şurası ilə bağlı məsələ idi. İndi isə MEDİA Agentliyi və Audiovizual Şuranın birləşdirilməsi, onların yerində vahid bir qurumun yaradılması təşəbbüsü irəli sürülüb və bu məsələ artıq Milli Məclisdə də müzakirə olunub:

"Bu təşəbbüs məntiqli və yerində atılmış addımdır. Azərbaycan media bazarı o qədər böyük deyil ki, audiovizual sahəni bir qurum, digər media seqmentlərini isə başqa bir qurum tənzimləsin və ya idarə etsin. Bütün medianı əhatə edən vahid bir qurumun yaradılması, məncə, dövrün çağırışlarına cavab verir.

Bu, idarəetmənin təkmilləşdirilməsi, media sahəsinin vahid mərkəzdə cəmləşdirilməsi deməkdir. Təbii ki, belə bir qurum daha az resurs sərf etməklə daha effektiv fəaliyyət göstərə bilər. Bu məqamı da unutmaq olmaz.

Bu baxımdan mən bu təşəbbüsü hətta bir qədər gecikmiş hesab edirəm. Düşünürəm ki, bu addım daha əvvəl də atıla bilərdi və atılmalı idi.

Eyni zamanda, Mətbuat Şurası ilə bağlı da islahatlara ehtiyac var. Birincisi, onun adı Media Şurası olaraq dəyişdirilməlidir. İkincisi, əvvəlki illərdə irəli sürülmüş təşəbbüs yenidən gündəmə gətirilməli, Mətbuat Şurası haqqında ayrıca qanun qəbul edilməli və ona müvafiq dövlət dəstəyi göstərilməlidir.

Çünki Mətbuat Şurası fəaliyyət göstərdiyi 24 il ərzində könüllülük prinsipi əsasında çalışan ictimai qurum olub. Şübhəsiz ki, onun çoxsaylı və səmərəli fəaliyyət nümunələri var. Lakin Azərbaycan artıq elə bir inkişaf mərhələsinə çatıb ki, dövlət bu sahəyə də dəstəyini əsirgəməməlidir.

Bu baxımdan hesab edirəm ki, Mətbuat Şurası ilə bağlı da islahatlar aparılmalıdır. Düzdür, bu, qeyri-hökumət təşkilatıdır və dövlət onun fəaliyyətinə birbaşa müdaxilə edə bilməz. Lakin dövlət onun fəaliyyətinin dəstəklənməsi üçün qanunvericilik təşəbbüsü ilə çıxış edə, həmçinin maliyyə dəstəyi göstərə bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə