"Məlumat əsaslı jurnalistika şəhər problemlərini daha anlaşıqlı edir" - Rasim Bağırov

Mənzil siyasətləri və şəhər islahatları ilə bağlı ictimai anlayışın formalaşdırılmasının məsuliyyətli kommunikasiya, faktlara əsaslanan jurnalistika və şəffaf ictimai müzakirələr tələb etdiyi bildirilib.

SİA xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov WUF13 çərçivəsində keçirilən “Yaşayış və şəhər dayanıqlılığı üzrə ictimai müzakirələrin formalaşmasında medianın rolu” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, media şəhər idarəçiliyində şəffaflıq və hesabatlılığın gücləndirilməsində mühüm rol oynayır, obyektiv informasiya isə dövlət institutlarına etimadı artırır.

Rasim Bağırov bildirib ki, məlumat əsaslı jurnalistika və analitik reportajlar şəhər problemlərinin daha anlaşıqlı şəkildə təqdim olunmasına imkan yaradır və vətəndaşların qərarvermə prosesində iştirakını gücləndirir.

O vurğulayıb ki, müasir informasiya mühitində dezinformasiya, manipulyativ məlumatlar və təsdiqlənməmiş xəbərlərin sürətli yayılması ciddi risklər yaradır.

Onun sözlərinə görə, bu amillər ictimai etimadı zəiflədə və xüsusilə böhran dövrlərində sağlam ictimai dialoqa mənfi təsir göstərə bilər.

Rasim Bağırov əlavə edib ki, etibarlı informasiya, etik jurnalistika və media savadlılığı dayanıqlı cəmiyyətlərin əsas komponentlərindəndir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə