Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib - FOTOLAR
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.
SİA xəbər verir ki, tədbirdə Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycanı regionda sülh prosesinin təşəbbüskarı kimi çıxış edən ölkə olduğunu qeyd edib və bu yanaşmanın həm siyasi, həm də mənəvi məsuliyyət daşıdığını bildirib.
O, sülhün yalnız bəyanatlarla deyil, konkret siyasi iradə və real addımlarla formalaşan proses olduğunu vurğulayıb. Natiq Məmmədli həmçinin medianın bu istiqamətdə ictimai maarifləndirmə və beynəlxalq dialoqa töhfə baxımından mühüm rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov beynəlxalq vasitəçilik mexanizmlərinin bir çox hallarda münaqişələrin həllindən çox onların idarə olunmasına xidmət etdiyini bildirib və real siyasi iradənin vacibliyini qeyd edib.
Milli Məclisin deputatı Fariz İsmayılzadə isə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin beynəlxalq miqyasda nadir nümunələrdən biri olduğunu vurğulayıb. O, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur layihələrinin regionda sabitlik və inkişafı gücləndirdiyini bildirib.
Deputat Rizvan Nəbiyev regionda yeni reallığın formalaşdığını qeyd edərək Azərbaycanın sülh diplomatiyasını praktik addımlarla həyata keçirən əsas aktorlardan biri olduğunu deyib. O, 44 günlük Vətən müharibəsi nəticəsində bəzi ərazilərin döyüşsüz qaytarılmasının məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirib.
Tarixçi-alim Rizvan Hüseynov isə regiondakı proseslərin milli maraqlar kontekstində qiymətləndirilməsinin vacibliyini vurğulayıb və xarici təsir cəhdləri barədə fikirlər səsləndirib.
Tədbir media nümayəndələrinin sual-cavab sessiyası ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB