“Azərbaycanın bərpa təcrübəsi dünyaya təqdim olunacaq” - Fariz İsmayılzadə

“Qarşıdakı günlərdə Azərbaycanda keçiriləcək beynəlxalq forum ölkəmizin postmünaqişə dövründə əldə etdiyi təcrübəni dünyaya təqdim etmək baxımından mühüm platformadır”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada deyib.

Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri beynəlxalq miqyasda nadir nümunələrdən biridir.

Fariz İsmayılzadə qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, “yaşıl enerji” zonaları yaradılır, yeni yaşayış məhəllələri salınır və sosial obyektlər tikilir.

O vurğulayıb ki, bu istiqamətdə ayrılan böyük həcmli investisiyalar regionda sülhün, sabitliyin və iqtisadi inkişafın möhkəmlənməsinə xidmət edir.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin siyasəti sülhün yalnız siyasi bəyanatlarla deyil, konkret layihələr və real addımlarla təmin olunmasına yönəlib.

---

Tofiq Zülfüqarov: “Ermənistandakı siyasi proseslər regionda sülhə təsir göstərə bilər”

“Yaxın aylarda Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin gələcək siyasi kursu və regionda sülh prosesinin taleyi baxımından mühüm əhəmiyyət daşıyır”.

SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada səsləndirib.

Tofiq Zülfüqarov bildirib ki, Ermənistanda sülh tərəfdarları ilə revanşist qüvvələr arasında gedən siyasi mübarizə regionun gələcək təhlükəsizlik mühitinə birbaşa təsir göstərə bilər.

O qeyd edib ki, bəzi diaspora dairələrinin beynəlxalq platformalarda Azərbaycana qarşı təşəbbüsləri də bu proseslərin bir hissəsi kimi qiymətləndirilə bilər.

Sabiq nazir vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün siyasi iradənin gücləndirilməsi və qarşılıqlı etimad mühitinin formalaşdırılması əsas şərtdir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə