“Prezident İlham Əliyevin sülh strategiyası Azərbaycanın mövqeyini gücləndirib” - Tofiq Zülfüqarov
Müstəqilliyin ilk illərində Azərbaycan münaqişənin həlli üçün ATƏT-in vasitəçiliyinə müraciət etsə də, sonrakı təcrübə bu mexanizmlərin gözlənilən nəticəni vermədiyini göstərdi.
SİA xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada çıxışı zamanı səsləndirib.
Tofiq Zülfüqarov bildirib ki, beynəlxalq vasitəçilik mexanizmləri bir çox hallarda münaqişənin həllindən daha çox onun idarə olunmasına xidmət edib və bu da cəmiyyətdə formalaşmış gözləntiləri doğrultmayıb.
Onun sözlərinə görə, beynəlxalq mexanizmlərin effektivliyi real siyasi iradə və ədalətli yanaşmadan birbaşa asılıdır.
Sabiq nazir qeyd edib ki, işğal dövründə Ermənistanın törətdiyi cinayət xarakterli əməllərə baxmayaraq, işğalçı tərəf ciddi beynəlxalq təzyiqlərlə üzləşmirdi.
Tofiq Zülfüqarov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq hüquqa və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanaraq öz suveren hüquqlarını qətiyyətlə müdafiə edib.
O qeyd edib ki, bəzi ölkələrin Azərbaycana qarşı siyasi təzyiq cəhdlərinə baxmayaraq, dövlət qeyri-qanuni qurumların legitimləşdirilməsinə yönəlmiş təşəbbüsləri qəbul etməyib.
Tofiq Zülfüqarov əlavə edib ki, separatçı qurumların “münaqişə tərəfi” kimi təqdim olunmasına dair cəhdlər də Azərbaycan tərəfindən qəti şəkildə rədd olunub.
Sabiq nazirin sözlərinə görə, bu hadisələr artıq tarixdə qalıb və Azərbaycan dövləti tərəfindən onlara hüquqi və siyasi qiymət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB