"Üçüncü hava limanının istifadəyə veriləcəyi gözlənilir" - DEPUTAT DANIŞDI

“İşğaldan azad edilmiş torpaqlarımızda intensiv quruculuq işləri həyata keçirilir. Mənfur düşmənlərimiz bu ərazilərdə bərpa oluna biləcək yer qoymayıblar, daş üstə daş qalmayıb. Bu baxımdan bu ərazilərdə quruculuq işləri həyata keçirilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi üçün kifayət qədər ciddi məbləğ nəzərdə tutulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, strategiyanın gerçəkləşdirilməsi üçün ayrılmış 5 milyard manatın 60 faizinin məhz işğaldan azad olunmuş ərazilərimiz üçün təyin olunduğunu vurğulamaq istəyirəm: “Diqqət yetirsək görərik ki, dövlət büdcəsindən hər il işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinin həyata keçirilməsi üçün vəsait ayrılır. Bu da onu göstərir ki, həmin ərazilərdə ilbəil tikinti-quruculuq işləri intensivləşəcək. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkə Prezidentinin müdrik baxışları, iradəsi sayəsində həmin ərazilərdə demək olar ki, zəruri nəqliyyat infrastrukturları da yaradılıb. Eyni zamanda perspektiv açılacaq Zəngəzur dəhlizinin Azərbaycan ərazisində bütün komponentləri formalaşdırılıb. İki hava limanı artıq istifadəyə verilib və bu il isə üçüncü hava limanının istifadəyə veriləcəyi gözlənilir.

Azərbaycan kifayət qədər resurlara malikdir ki, öz gücü hesabına ərazilərimizdə quruculuq, bərpa işləri intensiv olaraq həyata keçirilsin. Bununla bağlı artıq uğurlu bir təcrübəmiz də mövcuddur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə