Müntəzəm olaraq qəhvə istehlak edən insanların qəhvə içməyənlərə müqayisədə daha uzun ömürlü olduqları müəyyən edilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

İngiltərədəki Queen Mary və Macarıstanın Semmelweis Universitetinin alimləri tərəfindən aparılan və 10 il davam edən araşdırmalar qəhvənin insan ömrünü uzatmağa kömək etdiyini göstərib. Təxminən 500 min insan üzərində aparılan araşdırmalara görə, müntəzəm olaraq qəhvə istehlak edən insanların ömrü qəhvə içməyənlərə müqayisədə 12 faiz daha uzundur. Tədqiqat nəticələri göstərib ki, qəhvə istehlakı ürək-damar xəstəliklərinin və ya insultun inkişaf ehtimalını təxminən 20 faiz azaldır. Mütəxəssislərə görə araşdırmada qeyd edilən faydalar yalnız üyüdülmüş qəhvələrə məxsusdur.

Gündə üç stəkandan çox qəhvə istehlak etməyin heç bir əlavə faydasının olmayacağına diqqət çəkən alimlər, qəhvənin tərkibində kofeindən başqa, xərçəng, 2-ci tip diabet və demans riskini azaltmaqda təsirli olan minerallar və antioksidantların olduğunu vurğulayıblar. Araşdırmaya qatılanların 22%-si qəhvə istehlak etməzkən, 58%-i müntəzəm olaraq hər gün 1-3 fincan, qalanları isə gündə ən az 3 fincan qəhvə istehlak etdiklərini bildiriblər.

Qeyd edək ki, bəzi mütəxəssislərin fikrincə, qəhvə yüksək təzyiq və ürək xəstəliklərindən ölüm riskini artıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə