Yaponiyadan yeni kəşf "DADLI TELEVİZOR"

Yapon alimi ekranda nümayiş etdirilən istədiyiniz məhsulu dadmağa imkan verən prototip televizor yaradıb. SİA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, Meiji Universitetinin professoru Qomei Miyaşita "Televizoru dadmaq" mənasını verən "Taste the TV" adlı xüsusi aparat hazırlayıb. Ekranda göstərilən yeməyin xüsusi dadını yenidən yaratmaq üçün maye formada olan məhsul cihazın ekranının üstündəki gigiyenik üzlüyə çəkilir. Dad bilmək üçün bu üzlüyü yalamaq lazımdır.

"Məqsəd insanların dünyanın o biri ucunda bir növ restoran təcrübəsi yaşamasıdır", deyib Miyashita.
Alimin komandası 30 tələbədən ibarətdir. O, artıq zövqlə bağlı bir çox cihaz hazırlayıb. Taste the TV texnologiyasını yaratmaq üçün onlar bir il çalışıblar. Onlar bu cihazın kommersiya istehsalına başlamaq istəyirlər. Bu halda onu 100 min yenaya almaq mümkün olacaq.

Miyashita aşpazlar üçün də distant təhsil üçün proqram buraxmağı, həmçinin dequstasiya oyunu və viktorina hazırlamağı planlaşdırır.

Xatırladaq ki, bir qədər əvvəl bildirilmişdi ki, yapon alimləri qocalığa qarşı peyvənd yaradıblar. Bu peyvənd qan damarlarının sərtliyi, şəkərli diabet və bir sıra digər xəstəliklərlə mübarizədə də kömək etmək iqtidarındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə