Məhəmməd Nicat

İlahiyyatçı, pedaqoq və araşdırmaçı

Qızın ərə getməsində atanın razılığı

Qız ərə gedərkən atasından icazə almalıdır? Atanın bu barədə razılığı şərtdir? İslam alimləri arasında bu məsələ barəsində fikir ayrılığı olub. Son illərin alimlərinin fikri budur ki, atanın razılığı şərt deyil. Amma bu fikirlə razı olmayan alimlər də var. Cünki insan mədəniyyəti atadan razılıq almağı tələb edir. Müqəddəs İslam şəriətində qız və oğlan yetkinlik çağına çatarsa, müstəqil həyata malik olur. Amma yetkin olmasalar atalarına tabe olurlar. Yetkinlik vaxtına çatmasalar bu halda ata öz qızının və ya oğlunun kəbinini kiməsə kəsə bilər. Qədimdə bəzi məntəqələrdə buna "göbək kəsdi" deyərdilər. Təbii ki, bəzən hökmlər vəziyyətə görə dəyişir. Baxmayaraq ki, atanın qızına hakimliyi var amma ata öz qızını şərabxor, qumarbaz və s. kimi məsləhət olmayan insana ərə vermək istəsə, bu hakimlik ləğv olunur. Yəni ağlı başında və yetkin bir qız əslində özü ixtiyar sahibidir. Sadəcə mədəniyyət və hörmətsizlik olmaması baxımından, atanın razılığı yaxşıdır. Amma boşanan və ya dul olan qadın heç kimə tabe deyil. Heç kim onun üzərində hakimiyyətlik edə bilməz. Boşanan və ya dul qadın ikinci dəfə ailə qurursa, atasından icazə alması vacib deyil. Alırsa, artıq onun şəxsi işidir. Yaddan çıxarmaq lazım deyil ki, boşanan qadın üç dəfə aylıq adətini görməlidir. Hər dəfə adətini bitirdikdən sonra qüsl almalı və üçüncü qüsldan sonra isə ailə qura bilər. Dul qadın isə dörd ay on beş gün gözləməli, sonra isə ailə qura bilər. Təbii ki, qadın hamilə olarsa, azad olan vaxta qədər (iddə) gözləməlidir. Əgər ata qızını bu işdə sərbəst buraxarsa, qız özü ər seçməkdə müstəqildir. Hər bir halda məsləhətləşmək daha yaxşı olar.

Atanın böyüklüyünü nəzərə almalı, onun neçə illər övladlarının tərbiyə və təminatı üçün gecə - gündüz əziyyət çəkməsini itirməmək üçün, ən azından məsləhət almaq lazımdır. Atadan icazə almaq o demək deyildir ki, qız müqəssir və ya ağlı kamil deyil. Xeyr! Əgər ağlı çatışmazlıq iddia edilərsə, bəs niyə qadınlar Allahla rabitəyə kişidən altı il öncə başlayırlar? Allah onları daha tez qəbul edir. Yəni qadınlarda ağıl, kişiyə nisbətdə daha tez inkişaf edir. Doqquz yaşında qadınlara, on beş yaşında isə kişilərə namaz, oruc, həcc və s... vacib olur. Təsəvvür edək ki, bir qız iyirmi yaşında ərə gedir. Ağlı kamil deyil deyə atasından icazə alır. Bir-iki ay ərdə olur sonra əri vəfat edir və müddət gözlədikdən sonra, (iddə) ərə getmək hüququna malik olur. Bu halda ata razılığına ehtiyac yoxdur. Qadının ağlı qüsurluğunu iddia edənlərə sualımız budur ki, məgər o xanım bu bir-iki ay ərzində kamil ağla malik oldu? Əvvəllər ağlı kamil deyildi? Ona görə də icazəyə ehtiyac duymadı?

Əksinə qadının bir sıra xüsusən də, iqtisadi məsələlərdə yüksək bacarığa malik olmasını bilirik. Bu, qadın və kişinin psixoloji məsələlərinə aiddir. Kişi şəhvətin, qadın isə məhəbbətin əsiridir. Psixoloqların fikrinə əsasən kişini qüvvədən salan və onu dözümsüz edən onun şəhvətidir. Amma qadınlarda tam əksinədir. Onlar şəhvət barəsində çox səbirli və dözümlüdürlər. Amma qadını da şəhvətinə əsir edən kişinin ona dediyi təriflər, eşq şerləri və məhəbbət musiqiləridir. Qadının inam və etibar etməsinə əsas amil budur. Kişi gözü ilə, qadın isə qulağı ilə sevər. Kişi qadının təbəssümü qarşısında tab gətirmirsə, qadın da kişinin şer, musiqi və tərifləri qarşısında tab gətirmir.

Qadın subay olduğu halda yəni kimisə sevmədiyi bir halda, belə şeylərə aldana bilər. Belə bir halda dünyagörüşünə malik olan, kişilərin fikir və hissiyatını gözəl anlayan atasından məsləhət alması yerinə düşər. Ən azından ki, hər bir ata qızının xoşbəxtçiliyini istəyir. Təcrübəyə malik olmayan qız, təcrübə sahibi olan atası ilə məsləhətləşsə, gözəl olar.

Evlilik sirləri. Müvəffəqiyyət yolları

Əgər qadın dünyasını tanıyıb, onlarla ünsiyyət sirlərini mənimsəsəniz, özünüzü xoşbəxt hiss edərsiniz. Həmçinin öz həyat yoldaşınızı da bu yolla xoşbəxt edə bilərsiniz. Səmimi ünsiyyətlə insani gözəllikləri qəlbdən oyatmaq olar və bu yolla ilahi razılığa nail olmaq mümkündür.

Daimi olaraq məhəbbətin ifadə edilməsi

Mümkündür siz həyat yoldaşınızın dərdindən dəli-divanə olasınız, amma bu eşqinizi gizlətsəniz o, heç vaxt sizin bu məhəbbətinizin xəbərdar olmayacaq. Başqa sözlə, həyat yoldaşınızı nə qədər çox sevsəniz, amma ona eşq və məhəbbətinizi bəyan etməsəniz, ailədə heç bir xeyir qazanmayacaqsınız və ondan məhəbbət və sevgi gözləmək yersiz olardı. Adətən qadınlar məhəbbət və sevgi intizarında olarlar. Qadınlar, sevilməyi çox sevər və qarşı tərəfin sevgi etirafını gözləyərlər. Hər gün bunu eşitmək istəyərlər. Heç bir şey qadın üçün ərlə məhəbbət və dostluq etməkdən üstün deyil. Əgər həyat yoldaşınızın məhəbbətinin sultanı olasınız, alovlu eşqinizi əməldə göstərin. Öz məhəbbətinizin xəzinələrini sinənizin dərinliyindən çıxarın. Şirin sözlərlə, sevgi dolu səmimi rəftarlarınızla öz məhəbbətinizi həyat yoldaşınıza göstərin. Daha yaxşı olar ki, ona hörmətlə müraciət edərək qarşılıqlı olaraq məhəbbətini qazana biləsiniz.

Dağ kimi möhkəm olun!

Qadın nə qədər möhkəm və güclü qadın olarsa belə, fitrətində etibarlı əks cinsin nümayəndəsinə arxalanmaq və söykənmək istər. Adətən belə bir xüsusiyyətə ərin malik olması, daha təqdirə layiqdir. Qadın istər ki, həyat yoldaşı möhkəm bir dağ kimi onun arxasında olsun. Etibarlı insan olmadan, ona arxalanaraq xoşbəxt həyat keçirmək mənasız bir şeydir. Kişi də etibarlı olması ilə, qadının məhəbbətini qazana bilər. Əgər siz də həyat quracağınız kişinin etibarlı və hər bir anda arxanızda olmasına istəyirsinizsə, çalışın diqqətli və tədbirli olun. Həyat yoldaşınıza anladın ki, həmişə onun yanındasınız. Həm çətin və həm də xoş günündə. Həmişə onunla irəli gedib, sevginizi daha da möhkəmlədəcəksiniz. Misal üçün, bilməyərəkdən səhv edərsə, görməmiş kimi qəbul edin. Güzəşt edin ki, çətinliyin həlli üçün yol olsun.

Əzizləmək yaddan çıxmasın!

Qadınlar adətən onu sevən şəxs tərəfindən əzizlənməsini, nəvaziş göstərilməsini istər. Bəzən qadınlar ərləri tərəfindən kobudluğa məruz qalırlar. Bu çox pis bir haldır. Amma nə qədər çalışırsa, qadından əvvəlki sevgini qazana bilmir. Hər bir şeyə rəğmən qadınınızla daha pis rəftar etməyin. Ona əsəbiləşməyin. Bu, əlavə səhv olar. Səhvinizi etiraf edin. Yara olmuş üzvə, duz səpməyin. Bu səhvlər olmasın deyə çalışın ki, bütün dostlar və qohumlar xüsusən də övladlarınızın yanında ona hörmət edəsiniz.

Qohumlarına hörmət edin!

Evlilik vasitəsi ilə qohum olanlar, çox diqqətcil və xüsusi həssaslığa malik olurlar. Bu mühüm məsələyə adətən kişilər soyuq yanaşırlar. Nəticədə hörmət pərdəsini yırtar və xanımına haqq-nahaq zəhərli və acı sözlər deyər. Hətta onları təhqir edər, özünü onlardan üstün sanar. Məsələn: Kişilərdən bəzisi nalayiq hərəkət edərək yoldaşının ailəsinə minnət qoyaraq, sanki dalaşmaq istəyir. Hətta məsələ ailələrin hörmətsizliyinə gətirib çıxarır. Yaxşı olar ki, öz seçiminizə hörmət edib, qəbul edəsiniz. "Başa düşmək lazımdır ki, xanımınız tez bir zamanda eynən sizin ailəniz xasiyyət də ola bilməz". Çünki o da başqa bir ailədən gəlin gələrək, ər evinin xasiyyət və qaydalarına alışmaq üçün vaxta ehtiyacı vardır. Buna görə də çalışın ki, özünüzü görməməzliyə vurasınız, hər şeyi söhbət etməyəsiniz. Eşidilməli olmayan məsələni, eşitməyə çalışmayasınız. "Səhvi olarsa, ananızın yanında deməyin. Ananızın da səhvi olarsa, yoldaşınızın yanında deməyin". Necə deyərlər, bu yolla ananızı gəlinin ayağına və gəlini ananızın ayağına verməmiş olacaqsınız. Əgər kimsə hörmətsizlik etsə, sonda xətakar o olacaq. Yaxşı olar ki, həyat yoldaşınızın ailəsi haqqında mübahisə etməyin. Çünki o, ailəsinə cavabdeh deyil.

Dinləməyi bacarın!

Qadınlar öz həyat yoldaşları ilə saatlarla danışmağı çox sevərlər. Kiçikdən böyüyə qədər özləri və qohumları barəsində olan bütün hadisələri danışmağı sevərlər. Amma bu adətən kişilərin sevmədiyi bir xüsusiyyətdir. Uğur qazanan kişi odur ki, qadınının bu xüsusiyyətini bilsin və onun bu xüsusiyyətini qəbul etsin. Tövsiyə olunmuşdur ki, vaxt müqabilində bir saatını ayırıb, yoldaşının söhbətlərinə böyük həvəslə və eşqlə qulaq assın. Xanımın neçə yaşı olursa olsun, o yoldaşının yanında özünü kiçik və sanki özünü balaca bir qız bilir. Təbii ki, balaca uşaq da danışmağı və dinlənilməsini sevər.

Qədrini bilin!

Bəlkə də təsəvvür edə bilməzsiniz ki, yoldaşınız da sizin kimi məsuliyyət hiss edir. Ona görə də ona təşəkkür etməyə ehtiyac yoxdur. Əksinə həyatınızın daha da yaxşılaşması üçün onu həvəsləndirin ki, heç bir soyuqluq aranızda olmasın. Yaxşı olar ki, onun cüzi yaxşı işini dəyərləndirib, qiymətləndirəsiniz. Bişirdiyi yeməyi belə, tərif edin. Xanım bişirdiyi yeməyi yoldaşına verir və onun yanında oturub seyr etməyi, çox sevər. Yoldaşının yemək yeməsinə fikir verir. Əgər yoldaş həvəslə yeyirsə, qadına xoş təsir edir. Daha yaxşı olar ki, kişi “çox dadlıdır, sən çox gözəl bişirirsən” kimi sözlər desin.

Məsuliyyətli olun!

Qadınların yoldaşlarında görmək istədiyi və sevdiyi xüsusiyyət, onların məsuliyyətli olmasıdır. Öz vəzifənizi yaxşıca tanıyın. Nə qədər imkanınız var, heç bir işə məsuliyyətsiz yanaşmayın. İmkan müqabilində yoldaşınızın istəyini təmin edin. Bu yolla yoldaşınız sizi yaxşı tanıyacaq və daha da sizi çox sevəcək. Nəticədə ailəniz nümunəvi ailə kimi tanınacaq. Ola bilsin ki, hazırkı vəziyyətiniz elə formadadır ki, işinizdə çatışmazlıq yaranıb. Narahat olmayın. Cünki bilərəkdən etməmisiniz. Təbii ki yoldaşınız da sizi anlayacaq. Kiçik də olsa hədiyyə və əsasən də gül alın.

Gözəl danışın!

Söz verib ona əməl etməmək qadınlar üçün qəbulolunmazdır. Nəticədə tərəfə inamın itməsinə səbəb olur. İstəyirsinizsə, yoldaşınız sizi daha çox sevsin, bacarmadığınız və edə bilməyəcəyiniz işi ona söz verməyin. Misal üçün deməyin ki, həftə sonu evin bazarlığını mən edərəm. Həftə sonu gələr, yadınızdan çıxar və nəticədə sizə olan etibarı azalar.

Fikrinizi açıq deyin!

Birbaşa və açıq sürətdə yoldaşınızla müxalifət etməyin. Birbaşa müxalifət qadınların xoşuna gəlmədiyi bir xüsusiyyətdir. Mümkündür sizə qarşı kin və qəzəbi olsun. Bu addımınız yoldaşınızda mənfi təsir qoyaraq, sizə qarşı məhəbbət və hörmətin azalmasına səbəb olacaq. Çalışın öz müxalifətçiliyinizi səbirlə, dəlillə və mehribanlıqla izah edin. Mümkündür həmin anda yoldaşınız narahat olsun amma dəqiq bilin ki, təklikdə olanda öz – özünə düşünərək sizə haqq qazandıracaq. Misal üçün, əgər dəvət olunmuş qonaqlıqda iştirak edə bilməyəcəksinizsə, ona bu səbəbə görə həftə sonu təşkil olunacaq qonaqlıqda iştirak edə bilməyəcəyəm deyin.

Ailə haqqında.

İmam Cəfər Sadiqin (ə) buyurduqları:

"Kişilər qadınlara nə qədər sevgi göstərsələr onların imanının fəziləti bir o qədər artmış olar".

"Qadınlara çox sevgi göstərin".

"Evlənin lakin boşanmayın! Çünki boşanma, göydəki mələkləri və ərşi-ilahidə oturanları titrədir, sarsıdır".

Peyğəmbərin (s) buyurduqları:

"Mənim ümmətimin ən yaxşı kişiləri öz ailələrinə alicənablıq göstərənlərdir, ailələrinə qarşı mehriban olan, ürəyi yanan və zülm etməyənlərdir".

"Sizin ən yaxşılarınız xanımları barədə yaxşı fikirdə olanlarınızdır".

Məkarimul-əxlaq. Cild-1, səhifə 77.

Bütün xəbərlər Facebook səhifəmizdə