Sibir küknarı terpenləri (terpen - tərkibində 10 və daha çox karbon atomu olan, təbiətdə çox rast gəlinən doymamış karbohidrogenlərdir) otofaqiya prosesinə təkan verərək insan bədənini təmizləyə bilər.

Bu barədə “Initium-Pharm” tədqiqat və istehsal şirkəti ilə Rusiyanın Engelhardt adına Molekulyar Biologiya İnstitutunun alimləri məlumat yayıb. Tədqiqatçılar bu nəticəyə gəlib ki, küknarın biokimyəvi proseslərə təsir qüvvəsi və xüsusiyyətləri onu gənclik və uzunömürlülük iksiri axtarışında bir inqilab adlandırmağa imkan verir.

Elm adamları iynəyarpaqlı bitkinin köklərində və gövdəsində olan terpenləri araşdırıb. Küknarların 4000 il yaşadığı və köhnə bir ağacın hüceyrələrinin gənc bitkinin hüceyrələrindən fərqinin olmadığı ortaya çıxıb. Terpenlər aşağı konsentrasiyalarda istifadə edildikdə belə, ağciyər toxuma hüceyrələrində cavanlaşma başlayır. Bu, bədənin koronavirus infeksiyası və qrip də daxil olmaqla müxtəlif yoluxucu xəstəliklərdən sağalmasının asanlaşması deməkdir.

“Otofaqiyanın funksional olmayan hüceyrələri təkrar emal etdiyini və bununla da enerji homeostazını necə qoruduğunu gördük. Bunun sayəsində hüceyrələrdə zərərli maddələrin, həmçinin virusların yığılmasının qarşısı alınır. Bir insanın ömrünü əhəmiyyətli dərəcədə artıra biləcək “gənclik iksiri”ni kəşf etmək ərəfəsindəyik”, - “Initium-Pharm” şirkətinin elmi layihələrinin rəhbəri Fania Maqanova əlavə edib.

Bəzi elm adamlarının fikrincə, hüceyrələrdəki otofaqiya stressdən qaynaqlanır. Məsələn, tez-tez oruc tutmaq və ya müntəzəm şəkildə idmanla məşğul olmaq bunun mənbəyi ola bilər. Bununla birlikdə, bədənin cavanlaşmasını stimullaşdıran bu metodun qanunauyğunluğu mübahisəli məsələdir. Araşdırma müəllifləri isə Sibir küknarı terpenlərinin otofaqiyaya çox tez və təhlükəsiz şəkildə təkan verəcəyinə ümid edirlər. (publika.az)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...