“Bazarda satılan maqnezium spreylərinin əksəriyyəti dərman vasitəsi deyil” - AÇIQLANDI
Son illər maqnezium spreyləri və maqnezium yağları geniş şəkildə reklam olunur və bir çox insan onları ağızdan qəbul edilən maqnezium preparatlarına alternativ hesab edir. Lakin bu məhsullar barədə cəmiyyətdə formalaşan təsəvvür elmi sübutlarla tam üst-üstə düşmür.
Bu sözləri SİA-ya endokrinoloq Turan Bağırova deyib.

O bildirib ki, bazarda satılan maqnezium spreylərinin əksəriyyəti dərman vasitəsi deyil, kosmetik məhsul kimi qeydiyyatdan keçib. Bu günə qədər aparılmış elmi araşdırmalar onların maqnezium çatışmazlığını aradan qaldırması və ya qanda maqnezium səviyyəsini artırması ilə bağlı kifayət qədər etibarlı sübut təqdim etmir:
“Bu səbəbdən maqnezium çatışmazlığının müalicəsində ilk seçim hələ də ağızdan qəbul edilən maqnezium preparatları hesab olunur. Maqnezium spreyləri isə bəzi hallarda yalnız əlavə vasitə kimi istifadə oluna bilər, lakin onları maqnezium çatışmazlığının əsas müalicə üsulu hesab etmək düzgün deyil.
Nəzarətsiz istifadə zamanı əsas risk ondan ibarətdir ki, insanlar spreyə güvənərək həqiqi maqnezium çatışmazlığını vaxtında aşkar və müalicə etmirlər. Bundan əlavə, bəzi insanlarda dəri qıcıqlanması, yanma hissi, qaşınma və allergik reaksiyalar yarana bilər. Buna görə də bu məhsullardan istifadə etməzdən əvvəl onların həqiqətən zəruri olub-olmadığını qiymətləndirmək vacibdir.
Hər halsızlıq, əzələ spazmı və ya yorğunluq maqnezium çatışmazlığı ilə bağlı olmur. Bu əlamətlər dəmir çatışmazlığı, B12 və D vitamini çatışmazlığı, qalxanabənzər vəzi xəstəlikləri və ya digər tibbi problemlərlə də əlaqəli ola bilər.
Bu səbəbdən hər hansı əlavəyə başlamazdan əvvəl səbəbi müəyyən etmək və lazım olduqda həkimlə məsləhətləşmək daha düzgün yanaşmadır. Məqsəd sadəcə simptomları azaltmaq deyil, onların arxasında duran səbəbi müəyyən edib, müalicəni buna uyğun planlaşdırmaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB