Milli Mətbuat Günü münasibətilə Avromed Company tərəfindən Milli Təbabət Muzeyinə media tur təşkil olunub

Milli Mətbuat Günü münasibətilə Avromed Company tərəfindən Milli Təbabət Muzeyinə media tur təşkil olunub

22 İyul – Milli Mətbuat Günü münasibətilə Avromed Company tərəfindən 10 iyul tarixində Milli Təbabət Muzeyinə media tur təşkil olunub.

SİA xəbər verir ki, Milli Mətbuat Günü ərəfəsində təşkil olunan bu media turu jurnalistlər üçün həm maarifləndirici, həm də zəngin təəssüratlarla yadda qalan bir ziyarət oldu. Milli Təbabət Muzeyi Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolunu, bu sahədə əldə olunan uğurları və tibb tariximizin zəngin irsini əks etdirən nadir mədəniyyət ocaqlarından biridir.

Ziyarət zamanı Azərbaycan səhiyyə tarixinin necə zəngin və dəyərli irsə sahib olduğunun bir daha şahidi olduq. Ölkəmizdə dünya standartlarına cavab verən belə müasir və zəngin muzeyin fəaliyyət göstərməsi qürur hissi doğurur. Muzeydə nümayiş etdirilən eksponatlar, tarixi sənədlər, tibbi alətlər və arxiv materialları Azərbaycan təbabətinin müxtəlif inkişaf mərhələlərini əyani şəkildə təqdim edir.

Media turu çərçivəsində XIX əsrin sonlarından başlayaraq müasir dövrədək Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verildi. Xüsusilə 1914–1917-ci illərdə vəba epidemiyasının yayıldığı dövrdə fəaliyyət göstərən vəba barakları, həmin illərdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər, dövrün tibbi şəraiti və epidemiya ilə mübarizə üsulları böyük maraq doğurdu.

Bununla yanaşı, Azərbaycanda tibb təhsili alan ilk qadınların həyat və fəaliyyətinə həsr olunan guşələr ziyarətçilərdə xüsusi maraq oyatdı. Onların çətin və məsuliyyətli fəaliyyət yolu, Azərbaycan səhiyyəsinin inkişafına verdikləri töhfələr ölkəmizdə qadınların elm və səhiyyə sahəsində qazandıqları uğurların bariz nümunəsi kimi təqdim edildi.

Ekskursiya zamanı Ulu Öndər Heydər Əliyevin ölkədə səhiyyə sisteminin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibbi kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi mühüm islahatlar barədə də geniş məlumat verildi. Akademik Zərifə Əliyevanın oftalmologiya elminə verdiyi əvəzsiz töhfələr, elmi fəaliyyəti və Azərbaycan tibb elminin inkişafındakı xidmətləri də xüsusi vurğulandı.

Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, yeni xəstəxanaların və müasir tibb mərkəzlərinin inşası, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsallaşma prosesləri və vətəndaşların sağlamlığının qorunmasına yönəlmiş dövlət siyasəti haqqında ətraflı məlumat təqdim olundu.

Ziyarət zamanı Avromed Company-nin səhiyyə sektorunda həyata keçirdiyi fəaliyyət, müasir tibbi texnologiyaların tətbiqinə verdiyi töhfələr və bu cür maarifləndirici layihələrin əhəmiyyəti də diqqətə çatdırıldı.

Milli Təbabət Muzeyinə təşkil olunan bu media turu jurnalistlər üçün yalnız tarixi faktlarla tanışlıq deyil, həm də Azərbaycan səhiyyəsinin keçmişi, bu günü və gələcəyi haqqında daha dolğun təsəvvür formalaşdıran, zəngin bilik və unudulmaz təəssüratlar qazandıran dəyərli bir ziyarət oldu. Belə layihələr milli irsimizin təbliği, səhiyyə tariximizin öyrənilməsi və cəmiyyətin maarifləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə