"Ağciyərdə yaranan" buzlu şüşə" görüntüsü bir müddətdən sonra tam sorula bilər" -PULMONOLOQ

"Ağciyərdə yaranan" buzlu şüşə" görüntüsü bir müddətdən sonra tam sorula bilər" -PULMONOLOQ

"Söylədiyiniz kimi, ağır respirator virus infeksiyalarından sonra ağciyərlərdə fibrozun yaranması mümkündür".

Bu sözləri SİA-ya açıqlamasında Professor, Pulmonoloq Əlizamin Sadıqov bildirib.
Onun sözlərinə görə, amma bu, heç də respirator çatışmazlığa gətirib çıxaran fibroz olmur adətən və virus infeksiyası zamanı yaranan "buzlu şüşə" adətən bir müddətdən sonra tam sorulub itə bilir:

"Buzlu şüşə" mənzərəsini daha çox COVID-19 infeksiyası verir və cavan insanlarda qısa bir zaman çərçivəsində tam sorula bilir. Əgər onlarda yanaşı xroniki xəstəlik yoxdursa, immun çatışmazlığı mövcud deyilsə, o zaman az bir müddətdə fibrotik və iltihabi dəyişikliklərin sorulması baş verəcəkdir.

Amma yaşlı adamlarda, yanaşı xroniki problemləri olan xəstələrdə yaranan iltihabi dəyişikliklərin və fibrozun sorulması çox zəif dinamika ilə baş verir və hətta 5 il və daha artıq müşahidə oluna bilər. Hansı ki, bu gün biz bunun şahidi oluruq.

COVID-19 pandemiyasından 6 il ötməsinə baxmayaraq, bu gün də ağciyərlərdə "buzlu şüşə" və fibroz görüntüləri olan xəstələrin sayı kifayət qədərdir.

Ağciyərlərdə bu dəyişikliklərin davamlı olaraq müşahidə olunmasına təsir edən faktorlar da vardır. Bunlara peşə faktorları, havanın çirklənməsi, siqaret çəkmə və digər amillər də aiddir. Hətta ağır respirator virus infeksiyaları ağciyər fibrozuna irsi meyilli olan insanlarda idiopatik ağciyər fibrozunun yaranması üçün risk faktorları ola bilərlər.

Ona görə insanlarımıza siqaret çəkməməyi, ətraf mühit havasını qorumağı, avtomobillərdən az istifadə etməyi, yaşıllıqları qorumağı tövsiyə edirik".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə