Qidalanma tərzi xərçəng xəstəliyinə təsir edə bilərmi? - ARAŞDIRMA

Cəmiyyətdə xərçəng xəstəliyi ilə birbaşa və ya dolayı yolla təmasda olmayan insan tapmaq çox çətindir. Danılmaz faktdır ki, xərçəng xəstəliyinin əlamətləri çox ciddi və dünyanın hər yerində yayılmış bir problemdir. Xərçəng xəstəliyi dünyada ürək-damar xəstəliklərindən sonra ən çox can itkisinə səbəb olan bir xəstəlikdir. Xərçəngin inkişafına səbəb olan bir neçə amil var. Bunlar əsasən səhv qidalanma, kimyəvi şüalanma, günəşin ifrat təsiri, toksik maddələr və genetikadır. Bir çox insan məlumatı olmadığından xərçəng şişlərini inkişaf etdirir.

Xərçəng xəstəliyinə tutulan insanların sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin hesablamalarına görə, 2022-ci ildə 20 milyon yeni xərçəng hadisəsi və 9,7 milyon ölüm olub. Mütəxəssislər 2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsinin olacağını proqnozlaşdırırlar ki, bu da 2022-ci ilə nisbətən 77% çoxdur. Görəsən xərçəngə yoluxma niyə artır? Səbəb qidalarda, yoxsa doğru qidalanmamağımızdadır? SİA mövzu ilə bağlı araşdırma aparıb.

Dövrümüzün xəstəliyi olan xərçəngin bəzi qidalarla birbaşa əlaqəsi var. Alimlər aşağıdakı qidaların birbaşa xərçəngə “dəvətnamə göndərdiyini” qeyd edirlər:

Yanmış qidalar

Manqaldakı ətin yanmış hissəsini sevə bilərsiniz, amma onu qəbul etmədən əvvəl iki dəfə düşünməlisiniz.

“Pop-corn”

“Pop-corn” xüsusilə mikrodalğalı sobada hazırlananda ağciyər xərçəngi riskini artırır.

Hidrogenləşdirilmiş yağ

Bu yağlar bir çox qidalarda rast gəlinir. Məsələn, “fast-food”, qablaşdırılmış yeməklər və marqarində.

Emal olunmuş ət

Emal olunmuş soyuq qidaların bir çox zərərləri var. Əgər həmin qidaların hazırlandığı heyvanlar müxtəlif dərmanlarla və geni dəyişdirilmiş məhsullarla bəslənibsə, risk daha da artır. Məhsulun xarab olmaması üçün tərkibinə qatılan nitratları da unutmamaq lazımdır.

Sosisli sendviç

Sosisin tərkibində çox zərərli maddə olan sodium-fosfat var. Qeyd etmək lazımdır ki, bir ildə bu qidalardan 34 min insan ölür.

Ağ un

Ağ una adı dəyişdirilmiş şəkər də deyə bilərik. Bu un, əslində, faydalı olan buğda ununun ağardılmasından alınır.

Qırmızı ət

Qırmızı ətin təzə qalması üçün qoruyucu maddələrdən istifadə olunur. Bunların qalın bağırsağa zərər verdiyi və xərçəng yaratdığı irəli sürülür.

Diyet içkiləri

Şəkərsiz qazlı içkilər ən azı şəkərli olanlar qədər zərərlidir. Aspartam adı verilən dadlandırıcı beyin xərçəngi, qan xərçəngi və başqa xəstəlik çeşidlərinə səbəb olur.

Dadlandırıcılar, az kalorili və şəkərsiz olan hər şey, Konservləşdirilmiş qidalar, Ağ şəkər, alkoqol, cipslər, turşular, mayalı qidalar da bu siyahıya daxildir.

Qidalanma tərzi xərçəng xəstəliyinə təsir edə bilərmi?

Kembric alimlərinin araşdırmalarına görə, pəhriz xərçəngin inkişaf etməsini çətinləşdirə bilər.

"Nature" jurnalında heyvanlar üzərində keçirilmiş tədqiqatın nəticələri dərc olunub. Həmin nəticələrə əsasən, asparaqin adlı qidalı maddənin çatışmazlığı süd vəzi şişlərinin inkişafını zəiflədir. Asparaqin qulançar, toyuq, dəniz məmulatları və bir sıra digər yeməklərin tərkibində var.

Alimlər ümid edir ki, bu pəhrizin nəzərə alınması xərçəng xəstəliyinin müalicəsinin yaxşılaşdırılmasına kömək edə bilər.

Kembric Xərçəng Araşdırmaları İnstitutunda xərçəngin aqresiv formasına tutulmuş siçanlar üzərində aparılmış tədqiqatın nəticələri göstərib ki, asparaqin az olan pəhriz siçanlarda xərçəngin inkişafını çətinləşdirib.

2017-ci ildə “Glasgow” universitetində əldə olunan nəticəyə əsasən, serin və qlisin adlı amin turşularının pəhrizdə kəsilməsi, limfoma və bağırsaq xərçənginin inkişafını zəiflədib.

Alimlər belə nəticəyə gəliblər ki, xərçəngin müxtəlif növləri fərqli pəhrizlərə qarşı həssasdır.

Professor Hannon müsahibələrindən birində bildirib ki, gələcəkdə, pasiyentlərin pəhrizini dəyişməklə və ya dərman vasitəsilə şiş hüceyrələrinin müəyən qidalı maddələrə çıxışını bloklamaqla xəstələrin müalicəsini sürətləndirmək olar.

Eyni zamanda ekspertlər qeyd edir ki, bu məsələyə dair aparılmış tədqiqatların nəticələri yoxlanmalıdır, xəstələrə isə öz pəhrizindən hansısa ərzaq növünü tamamilə xaric etmək məsləhət görülmür.

Alimlər xərçəng xəstələrinə pəhrizi həkimin məsləhəti ilə seçməyi tövsiyə edirlər.

Qida üzrə baş mütəxəssis Ağa Salamov da xərçəngə səbəb olan qidalarla bağlı fikirlərini bölüşüb: “Xərçəngə yol açan qidaların başında trans yağlar gəlir. Hansı ki süni doymuş yağlar siyahısına daxildir. Bu yağlar gələcəkdə xərçəng riskinin və şiş xəstəliklərinin artmasına gətirib çıxarır. Emal olunmuş ət məhsulları, kolbasalar, konservləşdirilmiş məhsullar da xərçəng yaradan qidalara aiddir.

Bundan əlavə xərçəng riski ən çox qızardılmış ət məhsullarında olur. İnsanlar düşünə bilər ki, qatqı maddəsi yoxdur deyə kabab yemək ziyansızdır. Lakin bu belə deyil. Tez-tez kabab istehlak etməyin də zərərləri var.

Qızardılaraq tükədilən ət məhsulları iki xərçəng hüceyrəsi əmələ gətirir ki, bu da gələcəkdə xərçəng hüceyrələrinin qidalanması nəticəsində insan orqanizmində müxtəlif fəsadlar yarada bilər.

Ət məhsulları ilə yanaşı, karbohidratların da qızardılmış şəkildə yeyilməsi də xərçəng yarada bilir. Hətta onlar iki baxımdan təhlükəlidir. Birincisi, bu məhsullar dərin trans yağda bişir, həm də qızararaq xərçəng yaradan akrilamidə çevrilir. Bu səbəbdən də həkimlər insanlara dieta saxlamağı məsləhət gördükdə qızardılmış yeməklərdən uzaq durmağı vurğulayır.

Broyler balıqlar və toyuqların da gələcəkdə xərçəngə çevrilmə riski var. Çıxış yolu isə kənd təsərrüfatının inkişafı, fermerlərin sayını artırmaqdır. İnsan torpağa qayıtmasa, hələ çox böyük fəlakətlərlə qarşılaşacaq. Statistika göstərir ki, şiş xəstəliklərindən ölənlərin sayı koronavirusdan ölənlərin sayından daha çoxdur. Ona görə də bütün dünya həyəcan təbili çalmalı, fermerlərin sayını artırmaq, çay balıqlarının ovlanması qadağan olunmalı, orqanik balıqların dövlət tərəfindən mühafizə olunması lazımdır”.

ÜST xərçəng xəstəliyi ilə bağlı nə deyir?

Ümumdünya Səhiyyə Təşkilatı "carcingogenic", yəni xərçəng xəstəliyi yaradan maddələr, kimyəvi birləşmələr, viruslar və qidaların siyahısını açıqlayıb.

Həmin siyahıda mərgümüş, palladium və asbestlə yanaşı, dietik pəhriz mətbəxinin yeməkləri, kolbasa, salyami, hisə verilmiş donuz əti, hamburgerlər, qazlı sərinləşdirici sular və s. də var.

Ekspertlər onu da bildirirlər ki, kabab və dəfələrlə qaynadılmış yağda bişirilən təamlar orqanizmdə xərçəng riskini 50 dəfə artırır.

Şok siyahını təqdim edirik:

1. Siqaret və tütün məmulatları

2. Solyarilər və çimərlikdə özünü günə vermək

3. Alüminium istehsalı

4. Sudakı ağır metallar

5. Auramin istehsalı

6. Ayaqqabı istehsalı və təmiri

7. Bacaların təmizlənməsi

8. Daş kömürdən qaz alınması

9. Bitum distillyasiyası

10. Koks istehsalı

11. Mebel və xarratlıq işləri

12. Radonlu şəraitdə hematit

13. Passiv siqaret çəkilməsi

14. Poladəritmə

15. İzopropanol istehsalı

16. Boya istehsalı

17. Rəngsazlıq

18. Qır döşənməsi

19. Rezin məmulatlar sənayesi

20. Qeyri-üzvi turşular

21. Aflatoksinlər

22. Spirtli içkilər

23. Betel çeynənməsi

26. Daş kömür əsaslı qətranlar

27. Qətran

28. Daş kömür yandırılması nəticəsində yaranan tüstü

29. Dizel tüstüsü

30. Mineral yağlar

31. Fenasetin

32. Aristoloqiklik bitkilər

33. Polixlorlaşdırılmış bifenillər

34. Çin üsulu ilə duza qoyulmuş balıq

35. Şist yağları

36. His

37. Elektron siqaretlər

38. Ağac tozu

39. Qızardılmış ət, kabab

40. Aristoloqik turşular və metabolitlər

41. Mərgümüş

42. Benzol

43. Ultrabənövşəyi şüalanma

44. Rentgen və qamma şüalanma

( Siyahı davam edir)

Bəs, xərçəngin qarşısını almaq mümkündürmü? Bunun üçün nələrə diqqət etməliyik?

Xərçəngin qarşısının alınması üçün qidalanma təlimatı

Mətbəxinizi nəzərdən keçirin və xərçəngə qarşı qidalanma qaydalarınızı sıfırlayın. Qidalanma üçün bu qaydalara əməl edin:

- İdeal bədən çəkisi saxlanılmalıdır.

- Meyvə və tərəvəzləri qabığı soyulmadan qəbul etmək mümkün olarsa, qabığını soymayın.

- Tam buğda çörəyi, çovdar çörəyi, bulqur və çatlamış buğda yeyin.

- Gündəlik rasionunuzda sarımsaq, kələm, brokoli, gül kələm, pomidor, yaşıl çay, qreypfrut, kətan toxumu, zəncəfil, zərdəçal və qaragilə kimi antioksidantlarla və C vitamini ilə zəngin qidalar üçün yer ayırın.

- Tərəvəz yeməklərini az miqdarda su ilə və ya öz şirəsində bişirin.

- Paxlalıları islatmaq və qaynatmaq üçün istifadə olunan suyu tökməyin.

- Qidaların saxlanma şəraitinə diqqət yetirin.

- Hazır qidaların etiketlərini nəzərdən keçirin.

- Tərəvəzlərin təzə olduğundan əmin olun və yeməklərinizi özünüz bişirin.

- Alkoqol qəbulunu dayandırın.

- Xərçəngə qarşı idmanı qaçırmayın. Həftənin 3 günü ən azı 30 dəqiqə gəzin, üzün, velosiped sürün və ya pilləli məşq edin və bu proqramı həyatınızın qalan hissəsində davam etdirin.

- Xərçəngin qarşısını almaq üçün bu tövsiyələri daima ağlınızda saxlamalısınız. Alış-verişə getdiyiniz zaman və yemək bişirmək üçün mətbəxə girdiyiniz zaman xərçəngə qarşı bu qidalanma təlimatına əməl etməyə çalışın.

Mətbəxinizdə həmişə bu qidalar olsun

Bədəninizi xərçəngdən qorumaq istəyirsinizsə, bu möcüzəvi qidalar hər zaman evinizdə olmalıdır.

- Soya paxlası, mərci

- Yağsız pendir, yağsız süd pendiri, qatıq

- Ağ lobya, noxud

- Yaşıl lobya, yaşıl lobya

- Meyvələr (portağal, mandarin, ərik, qara tut, zoğal, vişnə, albalı, qarağat)

- Qoz, fıstıq və fındıq kimi çərəzlər

- Kələm, gül kələm, ispanaq, pazı, turp və çuğundur yarpaqları, şalgam, xardal yarpağı.

- Tam buğda və çovdar çörəyi, bulqur, yarıq buğda

- Yumurta

Onkoloq-cərrah Arif Nuri bu barədə ətraflı məlumat verib: “Xərçəng xəstəliyi insanlar arasında izaha geniş ehtiyacı olmayan xəstəliklərdəndir. İnsan ölümünə səbəb olan xəstəliklər, faktorlar arasında bədxassəli şişlər ikinci yeri tutur. İnkişaf etmiş ölkələrdə tez və ya gec hər 4 insandan 1-i xərçəng xəstəliyinə tutulur. Hər 5 nəfərdən biri xərçəng xəstəliyindən ölür. düzgün həyat tərzi ilə bu xəstəliyin yaranma riskini 80%-ə qədər azaltmaq mümkündür. Əgər xərçəng xəstəliyi ilkin mərhələlərdə aşkar olunarsa, ondan 90% ehtimalla tam sağalmaq mümkündür. Xərçəng xəstəliyi düzgün profilaktika olunduqda, bu xəstəlikdən ölmə ehtimalı minimaldır.

Xərçəng xəstəliyindən düzgün müdafiə olunmaq üçün onun necə yarandığını bilmək lazımdır. Sadələşdirilmiş formada xərçəngin yaradan səbəbləri 2 qrupa ayırmaq olar: 1-ci səbəb anadangəlmə genetik “defect” (10-15 % hallarda), 2-ci səbəb xarici faktorların (kanserogenlərin) və insanın fəaliyətinin təsiridir (85-90 %).

Aydın məsələdir ki, bizim birinci səbəbə təsir etmə şansımız yoxdur. Amma gələcək nəslimizdə bu cür “genetik defektləri”in olmamasını istəyiriksə, ondan 2-ci səbəbin qarşısını almağa çalışaq”.

“Bədxassəli şişlər üzrə Avropa ekspertlərinin məsləhətləri”ndə qeyd olunur ki, 80-90 % hallarda xərçəng xəstəliyinin yaranma səbəbləri – həyat tərzi, qidalanması, sosial və mədəni fəaliyyəti ilə bağlıdır. ABŞ-ın milli xərçəng əleyhinə institutun məlumatına görə, 30 % hallarda xərçəngin yaranma səbəbkarı siqaret çəkmə, 35 % hallarda qidalanma xüsusiyyətləri, 10% hallarda infeksiya (papiloma virusu, epişteyn- bar virusu, helikobakter, HİV, hepatit B, C virusları və s.), 4% hallarda istehsalat mühiti (zavodlar, sexlər və s.), 2-3% hallarda ətraf mühitin çirklənməsi, 19% digər faktorlardır.

Ümumdünya xərçəngi öyrənmə fondunun müşahidə və araşdırmalarının nəticəsinə görə təkcə sağlam qidalanmaq, fiziki aktivlik və bədən çəkisini normal saxlamaqla xərçəngin yaranma riskini 30-40% azaltmaq mümkündür”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə